Müəllim manatı

0
242

Gənc valideynlərdən biri övladının necə oxuması ilə maraqlanıb, məktəbə gəlmişdi. Digər müəllimlər kimi, mənimlə də görüşdü. Şagirdin qabiliyyətli olduğunu, lakin tənbəlliyinin əlində aciz qaldığını bildirdim. Oğlunun hər bir ehtiyacını ödəməyə can-dildən çalışan valideynin gözlərində: – Nə etmək lazımdır, müəllim? – sualını oxudum. Tənbəlliyin daşını atmaq o qədər də çətin deyil, illah da gənc insan üçün. Vaxtında göstərilən kömək onun müsbətə doğru dəyişməsinə səbəb ola bilir. Nümunə, ilk növbədə, valideyn nümunəsi bu sahədə əvəzsizdir. Ona görə də ondan harada işlədiyini, oğluna işinin çətinliklərindən danışıb-danışmadığını soruşdum. Ata-oğul arasının çox da ilıq olmadığı hiss olundu. Özüm onun iş vəziyyəti ilə maraqlandım. Neftçi olduğunu deyən bu gənc valideyn iş üstündə əl-ayağının, üst-başının necə olduğunu çox gözəl təsvir etdi. Mən də tövsiyə etdim ki, oğlunu özü ilə iş yerinə aparsın və əgər bu, mümkün deyilsə, heç olmasa, iş şəraitinin şəklini çəkdirib ona göstərsin. Yəni uşaq yediyi çörəyin, geydiyi paltarın, ayaqqabının, dərs ləvazimatının hansı pulla alındığından gərək xəbərdar olsun. Valideyn həm də övladını xərclədiyi məbləğin məsuliyyəti ilə yaşamağa alşdırmağı bacarmalıdır. Əks təqdirdə, valideynə laqeydlik, uşağa da harınlıq, “ver yeyim, ört yatım” psixologiyası hakim olur.

Dostlarımdan Aydəmir müəllim uşaqlıq illərində yaşadığı epizodlardan birində deyir ki, hərdən atalarımızın cibindən bir-iki manat oğurlayıb, birlikdə xərclərdik. Atası müəllim olan yaşıdlarından biri deyir ki, sabah sizi mən qonaq edəcəyəm. Yoldaşları deyirmiş ki, etmə, eləmə, sənin atan cibindəki pulun məbləğini qəpiyinəcən bilir, qol-qabırğanı qırar. Yeniyetmə niyyətindən əl çəkmir və dediyini eləyir.

Uşaq dərsdən gələndə atanı əlində oxlov onun payını verməyə hazır görəndə yoldaşlarının məsləhətinə qulaq asmadığına peşman olur, amma artıq gec idi. Ata oğlundan pulu niyə oğurladığını və nəyə xərclədiyini soruşanda uşağın dili dolaşır, oxlov işə düşən kimi dili açılır, hər şeyi olduğu kimi etiraf edir.

Digər bir dostum Eyvaz müəllim deyir ki, həmişə oğluma həftəlik cib xərci üçün üç manat pul verirdim. Bir ara maddi sıxıntımız oldu, iki manat verdim. Gördüm ki, anasına pulun azlığından şikayətlənir. Yanıma çağırdım, vəziyyəti izah etdim, yaxında başlayacaq tətil mövsümündə özünə iş tapıb, pul qazanmağın dadına baxmağı tapşırdım. Uşaq tətildə bir iş tapıb işləməyə başladı. Bir müddətdən sonra nə qədər qazandığını soruşdum. Ay tamam olsa da, hələ haqq vermədiklərini bildirdi. Halından işləmək və pul qazanmağın nə olduğunu başa düşdüyü görünürdü. İndi, maşallah, qəpiyinin də qədrini bilir.

Yunan filosofu Platona aid edilən, ingilis dilinə latınca – “Mater artium necessitas”,- şəklində daxil olan “Necessity is the mother of invention,” – “Ehtiyac kəşfin anasıdır” atalar sözü var. Dəmir kürədə bərkidiyi kimi, insan da ehtiyac məngənəsində sıxıldıqca möhkəmlənir. Əksər dahi insanların həyatları da bunu sübut edir.

Sözümüzə Amerika tarixçisi və yazıçısı Edvard Eglstonun (Edward Eggleston 1837-1902) “Tənbəl – xoşbəxt hindu” adlı hekayəsinin qısa məzmunu ilə davam edək.

Şimali Dakotada tənbəl adam kimi tanınan bir hindu yaşayırmış. Gənc yaşında, hamı ova gedib satmaq üçün dəri hazırlayarkən o, çadırından çıxmazdı. Ona görə də bir cındır yorğanı və miskin görünüşlü, bütün qəbilənin güldüyü çadırı vardı. Hər qış qəbilə ucsuz-bucaqsız çöllərdə ov edib, dəriləri və əti özləri ilə apardıqları ponilərə yükləyib gətirərdi. Bir qış yenə qəbilə ova getmiş, tənbəl adam və arvadı isə adətləri üzrə öz çadırlarında qalmışdılar. Hava getdikcə soyuyur, ərzaq tükənirdi. Yaxınlıqdakı göl də donmuşdu, balıq tutmaq da mümkün deyildi. Tənbəl hindu və arvadı aclıqdan ölmək təhlükəsi ilə üz-üzə qalmışdılar. Bir gün hindu bir dəstə vəhşi camışın donmuş gölə tərəf gəldiyini gördü. O, arvadı ilə birlikdə heyvanlardan bir neçəsini dəstədən ayırıb donmuş gölə tərəf yönəldə bildi. Əllərindəki cındır yorğan parçalarını yellədərək heyvanları hürküdüb, buzun üstünə çıxarmağa çalışdılar. Bu, çox təhlükəli iş olsa da, aclıq onlara güc və cəsarət vermişdi. Camışlar o tərəf-bu tərəfə qaçaraq qurtulmaq istəsələr də, heyvanlara imkan verməyən ər-arvad onları şüşə kimi buzun üstündə sürüşüb yıxılanacan qovdular. Camışlar bir-bir sürüşüb yıxıldıqca tənbəl hindu kasıbçılığın daşını atmaq fürsətinin yetişdiyini başa düşərək onları öldürməyə başladı.

Hindu və arvadı günlərlə çalşdılar. Onlar camışların dərilərini soyub qurudur, onların qarınlarını ətlə doldurub yastıq boyda kolbasalar hazırlayırdılar. Nəhayət, yaz gəldi və qəbilə ovdan qayıtdı. Bir zamanlar durumuna hər kəsin güldüyü tənbəl hindu qəbilədə ən zənginlərdən biri idi. Dəri və kolbasalardan bir neçəsini də dəyişib, poni aldı. Ondan sonra o, bir daha ovdan yayınmadı və digər hindular kimi yaşamağa başladı. Daha tənbəllik və yoxsulluğa düçar olmaq istəmirdi (P. S: İngiliscədən çevirmə müəllifindir).

Mənim manata daha fərqli münasibəti olan bir dosrum da var. Taksiçilik edən bu adamın dost-tanışı çoxdur. Hər kəsi “qonaq etsə”, bir qəpik də qazana bilməz. Ona görə də deyir: – “Mən: “Düşün, qonağım olun” və ya “Lazım deyil,” – deyəndə siz pulu basın cibimə, qoy xəcaləti də, bərəkəti də mənim olsun”. Düz sözə nə deyəsən. Ümumiyyətlə, qənaətcil olmaq, qəpiyinin qədrini bilmək həyat tərzimizə çevrilməli və bunu uşaqlara da kiçik yaşlarından öyrətməliyik.

Dünya tarixi göstərir ki, dünya iqtisadiyyatında böyük nəticələr əldə etmiş insanlar əslində çox qənaətcil olublar. Məsələn, Amerikanın avtomobil sənayesinin yaradıcısı, ABŞ-da qeydiyyatdan keçmiş ilk sürücü Henri Ford cavanlığında qənaətcilliyi ilə ad çıxarıbmış. O, varlı torpaq sahibinin oğlu olmasına baxmayaraq, qoluna taxdığı saatı özü düzəldibmiş, həm də mexaniklik etməklə pul qazanırmış. Amma bununla belə, Amerikada fəhlənin gündəlik maaşını 5 dollara (indiki alıcılıq qabiliyyətinə görə 110 dollara) qaldıran da odur. Fəhləyə hamıdan yüksək maaş verən Ford gündəlik həyatında çox sadə yaşayırdı və qazandığı milyardlarla çox ehtiyatlı davranırdı. Çünki bazar münasibətlərinin hökm sürdüyü ölkələrdə pul qazanmaq çox çətindir.

Azərbaycanın məşhur milyonçularının son dərəcə qənaətcil həyat sürməsindən hamı danışır. Məsələn, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bir mühəndisini çıraq yana-yana kibritdən istifadə etdiyi üçün işdən çıxarıb. Deyib ki, öz kibritinin qədrini bilməyən adam mənim pullarıma heç qənaət etməz.

Pulunun, qazancının qədrini bilmək, qənaətlə işlətmək xəsislik demək deyil. Pul da ömür kimidir. Müəllimlər yaxşı bilirlər, dərsin sərf olunmayan, boş qalan bir dəqiqəsi nə qədər uzun və üzücü olur. Bir anda xərclədiyimiz bir manat üçün neçə saaat çalışdığımızı, işə gedib-gəlmək zəhməti ilə birlikdə hesablasaq, onun bizə necə başa gəldiyinə təəccüb edərik.

Allah bizlərə vaxtımızın, qazancımızın, canımızın və bir-birimizin qədrini bilməyi nəsib eləsin. Dostum Eyvaz müəllimə  həsr etdiyim şeirdəki bir neçə bənddən hiss olunduğu kimi, qazanılmasına illər sərf etdiyimiz vəfa və sədaqəti öz ülvi məzmunundan, özümüzü də özümüzdən uzaqlaşdırmayaq. Amin!

… Bahar sandıq, neçə qışı,

Çatılmadı gülün qaşı,

Zər qədrini bilməz naşı,

Darılma, qardaş, darılma.

 

Nə əkdilər, nə biçdilər,

Söz verdilər, and içdilər,

Əl uzadıb, gen keçdilər,

Darılma, qardaş, darılma.

 

Qardaş dedik – daş atdılar,

Göz çıxarıb, qaş atdılar,

Dərdimizi yaşatdılar,

Darılma, qardaş, darılma…

Rahib Alpanlı

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here