“Mən, ailəm və bağça“

0
52

  Mingəçevir 1  saylı  “Lalə” körpələr evi uşaq-bağçasında “Mən, ailəm və bağça“ adlı müsiqili-əyləncəli tədbir təşkil olunub. Tədbirdə valideynlər, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri və müəllim kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şəhər təhsil şöbəsinin məktəbəqədər müəssisələr üzrə  metodisti Sevda Rəhimova vurğulayıb ki, bu kimi tədbirlərin bağçalarda keçirilməsində əsas məqsəd   uşaqlarda Vətənə, ailəyə  məhəbbət, sevgi yaratmaq və uşaqlarımızı vətənpərvər yetişdirməkdir: ”Ulu Öndər uşaqlar bizim gələcəyimizdir” demişdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə  bağçalarımızda  mühüm tədbirlər həyata keçirilir. Bu gün 1saylı bağçanın hazırladığı tədbirə  valideynlər, qonaq qismində digər bağçaların müəllimləri də qatılıblar. Ümid edirəm ki, hazırlanan tədbir hər kəsin ürəyincə olacaq”. 

Daha sonra balaca fidanların hazırladıqları bir-birindən rəngarəng əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Uşaqlar şən musiqi nömrələri,  şeirlər, səhnəciklər nümayiş etdiriblər.  Tədbirdə bağçanın müdirəsi Elnurə Çələbiyeva və İcra hakimiyyətinin nümayəndələri də çıxış edərək öz fikirlərini bölüşüblər. Tədbirin sonunda 1 saylı bağçanın kollektivinə və uşaqlara  fəxri fərman  və diplomlar təqdim olunub.

Qeyd edək ki, belə tədbirlər Mingəçevir  Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi  üzrə komissiyanın illik iş planına uyğun həyata keçirilir.

Esmira Hidayətova, Mingəçevir