“Heyəti hələ tam müəyyənləşdirməsəm də…”

0
18

Avro-2020-nin seçmə qrup mərhələsi çərçivəsində iyunun 8-də, saat 20:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Macarıstan oyunu ərəfəsində millimizin baş məşqçisi Nikola Yurçeviçin, həmçinin komandanın üzvü Qara Qarayevin iştirakı ilə bu gün mətbuat konfransı təşkil olunub:

Nikola Yurçeviç: “Üç həftədən artıqdır ki, hazırlıq keçirik. Sevindirici məqam heyətdə zədəli futbolçunun olmamasıdır. Yeganə problem Almeyda ilə bağlıdır ki, o da sabahkı oyuna tam hazır olacaq. Düzdür, 4 gün sonra Slovakiya ilə qarşılaşacağıq, ancaq indi Macarıstanla oyun haqda düşünürük. Futbolda hər şey mümkündür. Sabahkı oyunla bağlı nikbinəm.  Oyun ərzində qol buraxa bilərik. Təbii ki, bu baş versə, çalışacağıq əvəzini çıxaq. Rəqibimiz yaxşı komandadır. Onlar Xorvatiya millisini məğlub ediblər. Bir neçə futbolçusu Almaniya Bundesliqasında çıxış edir. Biz rəqibə qarşı müdafiə olunmayacağıq. Müdafiə ilə hücum arasında balans yaratmağa çalışacağıq. İstərdim Zaqrebdə Xorvatiyaya qarşı olduğu kimi müdafiə olunaq, ancaq hücumda daha parlaq çıxış edək. Heyəti hələ tam müəyyənləşdirməsəm də, Xorvatiyaya qarşı mübarizə aparan futbolçuların əksəriyyəti meydanda olacaq”. 

Qara Qarayev: “Oyun bizim üçün çox əhəmiyyətlidir.  Xorvatiyanı məğlub etmələri Macarıstanın gücünü göstərir. Azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacağıq. Uzun müddətdir ki, belə ajiotajlı oyunumuz olmurdu. Normal hazırlıq keçməyimiz üçün AFFA komandaya hər cür şərait yaradıb. Neqativ düşünmək istəmirik”.