Onlar 50 ildən sonra məktəb illərinin xoş anlarını yenidən yaşadılar

0
161

Hər bir insanın həyatında dərin izlər buraxan anlar var. O anlar ki, sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Belə xatirələrdən biri də ilk dəfə məktəbə qədəm qoyduğumuz illərdir.  Həmin gün yaşananlar sonralar kimlər üçünsə xoş, kimlər üçünsə kədərli xatirəyə çevrilir. Amma fərqi yoxdur, bu, bütün hallarda ən əziz xatirələrdən biri olur. Az insan tapılar ki, ilk dərs gününü, qayğısız, xoşbəxt vaxtlarını xatırlamasın.

Maraqlıdır ki, insanların ən çox bölüşdüyü xatirələr də məhz məktəb illərinə aiddir. Aramızda az adam tapılar ki, məktəb xatirələri ona maraqlı olmasın. Çünki yetkin, istedadlı, nüfuzlu bir şəxsiyyət kimi görməyə alışdığımız insanların balaca uşaqkən məktəb həyatındakı ilk həyəcanı adama həm təəccüblü, həm də məzəli gəlir. Bəzən də o illəri yenidən yaşamaq üçün məktəbi bitirmiş məzunlar bir araya gəlir. Elə 50 il öncə Mingəçevir  M.Nüseynzadə adına 3 nömrəli tam orta məktəbi bitirmiş məzunlarlar kimi.

Bu gün onlar yenə bir araya gəldilər, oxuduqları 3 saylı məktəbdə görüşdülər. Qayğısız məktəb illəri, xoş xatirələr bir-birinin ardınca yada düşdü. Bu gün hər biri bir sahənin mütəxəssisi olan məzunlar müəllimlərini də görüşə dəvət etmişdilər. Tarix müəllimləri olmuş Tahir Məmmədov  şagirdləri ilə o illərin xatirələrini vərəqlədi, kövrəldilər, sevindilər, hər kəs öz xatirəsini danışdı. Və beləcə 50 il bundan öncəki  qayğısız uşaqlıq illərinin ən xoş anlarını yenidən yaşadılar. Sonda məktəb rəhbərləri məzunlarla xatirə şəkli çəkdirdilər.

Esmira Hidayətova, Mingəçevir