Ekspert: Biz daim informasiya müharibəsinə hazır olmalıyıq

0
34

“Bu gün Azərbaycan informasiya müharibəsinin hədəfində olan ölkədir. Belə ki, erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar tərəfindən ölkəmiz haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb. Təbii ki, onların məqsədi dünya miqyasında öz uğurlu siyasəti ilə fərqlənən və bu sahədə müəyyən uğurlara imza atan Azərbaycanı ləkələmək, onun imicinə xələl gətirmək, inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu informasiya müharibəsi heç vaxt səngimir. Özü də antiazərbaycan dairələr həmişə bizim üçün önəmli olan günlərdə, vacib tədbirlər ərəfəsində həddindən artıq fəallaşırlar. Elə bu günlərdə Bakıda keçirilmiş UEFA Avropa Liqasının final oyunu ərəfəsində də bunun şahidi olduq”. Bu fikirləri ekspert Azər Həsrət mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Bildirdi ki, biz bütün bu yalanları,  böhtanları darmadağın etməyə çalışırıq: “Yəni, ön cəbhədə olduğu kimi, informasiya müharibəsində də düşmənin bütün təxribatlarının qarşısı alınır. Qeyd etdiyim final oyunu ilə  bağlı antiazərbaycan dairələrin hazırladıqları şounun iflası da bunu bir daha sübut edir. Bir məsələni də xüsusi vurğulamaq istərdim. Bakıda final oyunu keçirilən gün Ermənistanın baş naziri Nikol Paşinyanın Mxitaryana zəng etməsi və Azərbaycanı “irqçilikdə və rasizmdə” suçlaması bu şounun arxasında kimlərin dayandığını ortaya qoydu. Onun ölkəmizin ünvanına səsləndirdiyi sözlər isə əslində şounun hədəfə çatmamasından doğan məğlubiyyətin acığı idi”.

Ekspertin fikrincə, ön cəbhədəki qələbəmizə daha tez nail olmaq üçün ideoloji cəbhədə də üstünlük çox vacibdir: “Unutmayaq ki, ideoloji müharibədə informasiya əsasən iki ünvana istiqamətlənir: dünyaya və düşmən ölkənin ictimaiyyətinə.  Biz həmişə informasiya müharibəsinə hazır olmalıyıq. Yəni  “hücumu” gözləyib, sonra “əks hücuma” keçməli deyilik. Necə deyərlər, “şəraiti nəzarət altında saxlamağı” bacarmalıyıq. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı hər şeyi yaxşı bilir və bilməlidir ki, biz informasiya müharibəsi şəraitində yaşayırıq. Bu mənada, bu istiqamətdə də gücümüzü artırmalıyıq. Özü də bu prosesdə yalnız dövlət qurumlarından nəsə ummaq, yaxud da hər hansı tapşırıq gözləmək lazım deyil. Qeyri-hökumət təşkilatları, diasporumuz, həmçinin hər bir vətəndaşımız bu işdə fəal olmalıdır. Yəni, hər kəs, xüsusilə xarici dilləri (ingilis, rus, fransız, fars, ərəb, alman və s.) bilənlər informasiya müharibəsinin əsgəri olmağı bacarmalıdır. Unutmayaq ki, bütün dünyada bu informasiya müharibəsini media və vətəndaş cəmiyyətləri aparırlar. Xaricdə yaşayan, eləcə də müxtəlif ölkələrə səfər edən soydaşlarımız da buna cəhd etməlidirlər. Məsələn, şəxsən mən bu və ya digər ölkədə səfərdə olarkən Azərbaycanın bütün məsuliyyətini üzərimdə hiss edirəm. Odur ki, bizə qarşı səslənən fikirlərə də cavab verirəm, üstəlik, ölkəmizlə bağlı ətraflı məlumatlar da təqdim edirəm. Bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır”.

Azər Həsrət öz araşdırmalarına istinadən qeyd etdi ki, UEFA Avropa Liqasının final oyunu ərəfəsində xaricdəki bəzi diaspor təşkilatlarımızın antiazərbaycan dairələrə qarşı o qədər də fəallığını görə bilməyib: “Halbuki onların fəalları gündəlik medianı izləməli, dünyanın media qurumları, eləcə də beynəlxalq müxtəlif təşkilatlari ilə sıx əməkdaşlıq etməli, belə məqamlarda öz sözünü daha kəskin deməyi bacarmalıdırlar. Amma müşahidələr göstərir ki, erməni lobbisi bu kimi nüanslardan çox məharətlə istifadə edir. Bu səbəbdən beynəlxalq təşkilatların yaydığı bəyanatlarda Ermənistan əleyhinə tənqidə, açıqlamaya rast gəlmək mümkün olmur”.

Qvami Məhəbbətoğlu, “İki sahil”