İcra başçısı: “Vətəndaşlar tərəfindən səsləndirilən bütün problemlər diqqətlə araşdırılacaq”

0
102

“Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bütün uğur və nailiyyətlər ölkəmizin beynəlxalq aləmdəki mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Sevindirici haldır ki, sürətli və dinamik inkişaf paytaxtla yanaşı, respublikamızın bölgələrində də davam etdirilir. O cümlədən  Mingəçevirdə  aparılan genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri, şəhərdə təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə edilən yeniliklər bunu söyləməyə əsas verir. Mingəçevirə  vətəndaş amili də hər zaman ön planda tutulur”. Bu sözləri Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Günəşli massivində keçirilən növbəti səyyar görüşdə deyib. 

Qeyd edək ki,  fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də qəsəbə  sakinləri ilə keçirdiyi səyyar görüşlərdə Mingəçevir icra başçısı İlaham İsmayılov sakinlərin müraciətlərini həmişə diqqətlə dinləyib və qaldırılan problemlərin həllində səylə çalışıb.
20 saylı məktəbin idman zalında keçirilən bu görüşdə məktəbin müəllimləri –  Vəli Abbasov, Mənsur Mustafayev və digərləri məktəbin əldə etdiyi uğurlardan da söz açıblar. Onlar, həmçinin əktəbin yeni əlavə korpusunun tikintisinə ehtiyacı olduğunu vurğulayıblar.

Daha sonra qəsəbə sakinləri onları narahat edən problemləri sadalayıblar. Bildiriblər ki, qəsəbə şəhərdən uzaq olduğuna görə əhali mütəmadi olaraq şəhərlərarası 8 saylı marşurutdan istifadə edir. Lakin həmin marşrut üzrə hərəkət edən avtobuslar saat 21-dən sonra yoxa çıxırlar. Sakinlər qəsəbənin kanalizasiya sisteminin, yolların bərbad vəziyyətdə olmasından da gileyləniblər.

 İcra başçısı vətəndaşlar tərəfindən səsləndirilən bütün problemlərin diqqətlə araşdırılacağını bildirib.

Esmira Hidayətova, Mingəçevir