Azərbaycanda Ramazan bayramı qeyd olunur

0
21

Bütün müsəlman dünyasında olduğu kimi, ölkəmizdə də Ramazan bayramı yüksək səviyyədə qeyd edilir. İnsanları şənlik, fərəh duyğuları bürüyür. Bayram münasibətilə iki gün qeyri-iş günü elan edilir. Halbuki sovet dövründə xalqımız belə bir imkandan məhrum idi. Milli müstəqilliyin bərpasından sonra ölkəmizdə dövlət-din münasibətləri nizama salınmış, etiqad azadlığı təmin edilmişdir. Ateist sovet rejiminin möminlərə dözümsüz münasibətini, cəmiyyətə aşıladığı mənəviyyatsızlığı müasir tələblərə cavab verən dövlət siyasəti əvəz etmişdir. Bu siyasətin əsas istiqamətlərindən biri də yeni məscidlərin inşası, mövcud məscidlərin təmir və bərpa olunub möminlərin ixtiyarına verilməsidir. Sovet dövründə ölkədə cəmi 17 məscid fəaliyyət göstərirdi. Milli müstəqilliyin bərpasından bəri isə 2 mindən çox məscid tikilmişdir. Vaxtilə bolşeviklərin dağıtdığı Bibiheybət məscidi yenidən inşa olunmuş və paytaxtın memarlıq inciləri arasında layiqli yerini almışdır. Ölkənin ən qədim məscidi – 734-cü ildə tikilmiş Şamaxı Cümə məscidi tamamilə yenidən qurulmuşdur. Eyni zamanda, Bakıda Cənubi Qafqazın ən möhtəşəm məscidi – Heydər məscidi inşa edilmişdir. Bu istiqamətdə tədbirlər davam edir.

Digər tərəfdən, islam dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi dövlət siyasətinin üstün istiqamətlərindəndir. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü olaraq müsəlman aləmi ilə qarşılıqlı faydalı əlaqələr yaratmış, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı olmuşdur. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfə vermişdir. Dövlətimizin müsəlman dünyasında qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. İki il əvvəl möhtəşəm idman tədbirinin – IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi isə ölkəmizin islam həmrəyliyinin möhkəmləndirilməsi naminə növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Prezident İlham Əliyev hər il orucluq ayında Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi iftar mərasiminə qatılır. Həmçinin dövlət başçısı mübarək ayda müsəlman ölkələrinin Bakıdakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edir.

Ramazan bayramı qeyd olunarkən şəriət qaydaları hər bir müsəlman xalqının milli adət-ənənələri ilə çulğalaşır. Bu, ölkəmizdə də belədir. Bayram ərəfəsində müsəlman vətəndaşlarımız qəbiristanlıqları ziyarət edib dünyadan köçmüş əzizlərini anır, torpaqlarımızın müdafiəsinə qalxıb şəhid olmuş vətən övladlarını yad edir, onların ruhuna Quran ayələri oxutdururlar.



Azərbaycanda bu gün Ramazan bayramıdır. Bayram iki gün – iyunun 5-i və 6-da qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.

Qeyd edək ki, Ramazan ayı mayın 6-da başlamışdı.