“Cırtdan” Lənkəranda olacaq

0
59

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı kollektivi Lənkəran şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında çıxış edəcək.

Yaradıcı heyət “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi festivalda repertuarındakı seçkin tamaşalardan olan “Cırtdan” ilə təmsil olunacaq.

İyunun 4-də (saat 12.00) lənkəranlı teatrsevərlərə təqdim ediləcək tamaşa bundan öncə də bir neçə beynəlxalq festivalda uğurla nümayiş olunaraq mükafatlara layiq görülüb.

Şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşanın (səhnələşdirəni Rəhman Əlizadə) quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur.

Müxtəlif kukla texnikalarının istifadə olunduğu birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Araz Həsənli, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov və Aslan Fətullayev ifa edəcək.