Müşfiq Ələsgərli: “Sadaladıqlarım bütün dünya mediasının ciddi problemləridir”

0
165

Xəbər verdiyimiz kimi, Avropa Şurasının Bakı Ofisi  Obmudsman Aparatı və Mətbuaat Şurası ilə birgə “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Mingəçevir və digər bölgələrin  KİV və QHT nümayəndələri üçün “Gender bərabərliyi və media” mövzusunda informasiya sessiyası keçirib. Bu tədbirdə bir neçə tanınmış jurnalist də iştirak edib. Biz də fürsətdən istifadə edib onlarla  həmsöhbət olduq. Həmkarlarımıza Mingəçevirlə, eləcə də tədbirlə bağlı bir neçə sualla müraciət etdik.         

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli bildirdi ki, Mingəçevir onun sevə-sevə ziyarət etdiyi şəhərlərdən birdir: “Bu dəfəki gəlişimdə öz səliqə-sahmanı ilə seçilən bu “nur şəhəri”nidə müsbət mənada çoxlu dəyişikliklər gördüm. Belə bir şəhərdə “Asan xidmət“in fəaliyyət göstərməsi də çox təqdirəlayiqdir. Onu da deyim ki,  Mingəçevir gənc şəhər olmasına baxmayaraq, özünəməxsusluğu ilə seçilən və bu istiqamətdə inkişaf edən bir şəhərdir. Bu mənada onun çox da müdaxilə olunmayan şəhər infrastrukturuna yaraşıq verən yaşıllıq massivlərinin, eləcə də binalararası məsafələrin qorunub saxlanılması daha çox diqqəti çəkir. Bu mənada Mingəçevir ölkəmizin digər şəhərlərinə nümunə ola biləcək bir şəhərdir.

 O ki qaldı tədbirlə bağlı verdiyiniz suala… Məqsəd regionlarımızda fəaliyyət göstərən jurnalistlərin diqqətini gender bərabərliyinə yönəltməkdir. Yeri gəlmişkən, xatırladım ki, gender bərabərliyi qadın və kişilərin hüquq bərabərliyi, bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar deməkdir. Bərabər imkanlara dedikdə isə qadınlar və kişilər üçün yaradılan bərabər şərait, təminatlar nəzərdə tutulur. Hesab edirəm ki,  bölgələrimizdəki jurnalistlər də gender bərabərliyinin işıqlandırılmasına, gender bərabərliyi ilə bağlı əlavə maarifləndirici təlimlərə daha çox cəlb olunmalıdırlar. İctimai rəyi yaradan media, jurnalistlər bu sahədə bilgilərini daha da dərinləşdirməlidirlər.

Məlum olduğu kimi, regionların özlərinin bu istiqamətdə beynəlxalq səviyyəli davamlı treniqlər, seminarlar keçirməyə potensialları yoxdur. Fikrimcə, bu gün region mediası Bakıdan geridədir. Belə düşüncə yarana bilər ki, mərkəzdə olan qurumlar regionlara diqqət ayırmır. Amma düşünürəm ki, siz öz potensialınızı, gücünüzü səfərbər etsəniz, çox nailiyyətlər əldə etmiş olarsınız. Düşünürəm ki, Avropa Şurasının belə bir tədbiri regionlarda reallaşdırması çox müsbət haldır”.

”Bu şəhərin xanımları daha akivdir”

Bakı Dövlət Universitetinin jurnalisika fakültəsinin dekan müavini, dosent  Sevinc Əliyeva da söhbətə əvvəlcə Mingəçevirlə bağlı təəssüratları ilə başladı: “Bu mənim Kür çayının mənzərəli sahilində yerləşən Mingəçevirə üçüncü gəlişimdir. Şəhəriniz sözün həqiqi mənasında gündən-günə gözəlləşir. Bu da şübhəsiz, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində baş verir.  Belə ki, məhəllələrdə ərazilər asfaltlanır, işıqlandırma sistemləri çəkilir, ağac tingləri əkilir,  uşaqlar üçün əyləncə qurğuları quraşdırılır. Üstəlik, nümunəvi məhəllələrin sayı artır. Bir daha deyirəm ki, bütün bunlar Azərbaycanın regionlarının bərabər şəkildə inkişaf etməsinin, həyata keçirilən regional inkişaf proqramlarının əyani göstəricisidir.

Yeri gəlmişkən, onu da qeyd edim ki, bu tədbirlər çərçivəsində biz şəhərin qələm əhli, ziyalıları, QHT nümayəndələri ilə də görüşlər keçirir, fikir mübadiləsi aparırıq.

Tədbir barədə isə bu sözləri deyə bilərəm. Bu layihə çərçivəsində biz Azərbaycanın bir çox bölgələrində olmuşuq. Amma müşahidələrimə əsasən deyə bilərəm ki,  Mingəçevir gender bərabərliyi ilə bağlı tədbirlərdə seçilir. Belə ki, bu şəhərin xanımları daha aktivdirlər və öz fikirlərini cəsarətlə ifadə etməyi bacarırlar. Bu isə o deməkdir ki, onlar öz hüquqlarını yaxşı bilirlər. Təbii ki,  bu, bizi sevindirir.

“Bu fikirlə əsla razılaşmıram”

 

“Hər  dəfə Mingəçevirə gəlib Kürün sahilində əyləşəndə deyirəm ki, bura İstanbul boğazının mini formasıdır. Burada otellər də çox rahatdır qiymətlər də çox münasibdir. Küçələrinin təmizliyinə, yaşıllıqlarına isə söz ola bilməz. Bu mənada Mingəçevir sevdiyim şəhərdir. Çox yaxşı olardı ki, başqa bölgələr də bu şəhərdən nümunə götürsün”. Bu fikirləri isə Jurnalislərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli dedi.

Onun fikrincə, gender bərabərliyi məsələsi ölkəmizdə ən ali səviyyədə – Konstitusiya və qanunlarda öz təsdiqini tapıb: “Media bu sahədə maarifləndirmə və informasiya funksiyaları vasitəsilə gender bərabərliyi mədəniyyətinin təbliğində mühüm vəzifələrin öhdəsindən gəlmək imkanına malikdir. Bu mənada gender bərabərliyinin qorunmasında medianın da kifayət qədər rolu var. Elə burada keçirilən bu tədbir də dediklərimin əyani sübutudur”.

 “Region jurnalistlərinin diqqətdən kənar qalmasına münasibətinzi bilmək istərdik” sualına isə müsahibimiz belə cavab verdi: “Bəri başdan deyim ki, mən bu fikirlə əsla razılaşmıram. Nəzərə almaq lazımdır ki, hazırda dünyada və Azərbaycanda medianın tipi dəyişir. Yəni ənənəvi medianı təhdid edən çox ciddi proseslər ortaya çıxıb. Birincisi, kommunikasiyanın tipi dəyişir. Bundan əvvəl qəzetlər konkret ünvanlara çatdırılardı. Bu gün isə internet, sosial şəbəkələr var ki, hər kəs öz xəbərini istehsal edir və internetin üzərindən yayır. Bir növ kağıza daha ehtiyac qalmır. Mobil vasitə ilə də bütün xəbərlər oxunur. Məsələnin ən ciddi tərəflərindən bir də odur ki, artıq reklam verənlər də ənənvi mediadan deyil, sosial mediadan istifadə edirlər. Yəni, bu gün onlar öz reklamlarını sosial şəbəkələrdə yerləşdirməkdə daha çox maraqlıdırlar. Digər bir ciddi problem isə  xəbərin standartı ilə bağlıdır. Bizim ənənəvi mediada çalışan jurnalistlər peşəkar jurnalistlərdir. Onlar xəbərin standartını yaxşı bilirlər. Bir hadisə barədə xəbər hazırlayanda mütləq onun ətrafında araşdırma aparırlar, müəyyən məlumat aldıqdan sonra əhaliyə xəbəri düzgün çatdırırlar. Həmin vaxta qədər isə bir sosial şəbəkə istifadəçisi heç bir araşdırma aparmadan, ağına, bozuna baxmadan həmin xəbəri yayır. Və o, necə deyərlər, qabağa düşür, amma KİV qurumunun  min bir əziyyətlə hazırladığı xəbər isə müəyyən vaxtdan sonradan əhaliyə çatdırılır. Bu ümumilikdə bizim peşəkar medianı çətinliklərə salır. Amma bir məsələni dı deyim. Mən bir neçə beynəlxalq təşkilatın üzvüyəm, təmsilçisiyəm. Hər il bir neçə dəfə onların təşkil etdikləri toplantılarda da iştirak edirəm. Sonuncu dəfə may ayının 8-11-də Avropa Jurnalistlər Federasiyası toplantısında iştirak etdim. Həmin tədbirdə sadaladığım problemlər eyni formada orada qoyuldu. Bu isə o deməkdir ki, sadaladıqlarım bütün dünya mediasının ciddi problemlərindəndir. Bu baxımdan da mediamız həmin problemləri yaşayır. Yəni demək istəyirəm ki, region mediasının qarşılaşdığı problemlər paytaxtda oturanların laqeyid münasibətindən irəli gəlmir, ümumilikdə bütün bunlar KİV-lə bağlı  gedən qlobal bir prosesin tərkib hissəsidir”.

Müsahibmiz bu prosesdən çıxış yollarına da nəzər saldı: “Bu yaxınlarda Avropa Parlamentinə seçkilər keçirildi. Beynəlxalq jurnalist təşkilatları həmin  parlament seçkilərinə namizəd olmuş şəxslərə bir müraciət etdi. O müraciətdə deyilirdi ki, hər bir deputatlığa namizəd özünün seçki platformasına ənənəvi KİV–lərə yardımla bağlı bir müdda əlavə etsin. Yəni, onlar ənənəvi KİV-lərin yaşadılması və yardım göstərilməsini necə görürlər. O yardımlarIın göstərilmə mexanizimlərini hazırlasınlar və özlərinin təmsil etdikləri dövlətlərdə onların təsdiq olunmasına nail olsunlar. Məsələ bundadır ki, o cür sosial şəbəkələr vasitəsi ilə xəbər gündəminin idarə olunmasına etibar etmək olmaz. Bu bir faktdır. Çünki dünyanın ciddi statistika mərkəzləri hesablama aparırlar və məlum olur ki, dünyada sosial şəbəkələr üzərində yayılan xəbərlərin təqribən 40-60% -i yalan xəbərlərdir. Nəticədə bəlli olub ki, bu prosesdə sosial şəbəkələrlə mübarizə aparmağın ən yaxşı modeli ənənəvi KİV-lərin mövqelərinin gücləndirilməsidir. Bu baxımdan deyirlər ki, ənənəvi medianın  yaşadılması üçün yardımlar edilməlidir. Bax bu yardım mexanizmi hazırlanmalıdır. Yeri gəlmişkən, Azərbaycan əslində bu addımı bir çox Avropa dövlətlərindən daha əvvəl atıb. Belə ki, 2008 –ci ildə KİV-lərə dövlət dəstək  konsepsiyası qəbul olunub və onun əsasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Məsələ  ondadır ki, bu yaradılsa da, konsepsiyada müəyyən məhdudiyyətlər var. Yəni konsepsiyada bölgə KİV-ləri ilə bağlı xüsusi bir müddəa yoxdur. İkincisi, həmin fondun  büdcəsinin özü bir limitlidir. Ona görə də bizim jurnalist təşkilatları, Mətbuat Şurası bununla bağlı ötən ilin sonlarında və bu ilin yanvanda həm Prezident Administrasiyasına, həm də Milli Məclisiə müraciət ediblər. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bir neçə dəfə parlamentdə bu məsələni qaldırıb. Hökümətə də təklif edib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu  vasitəsi ilə ayrılan vəsailərin həcmi artırılmalıdır. Həmin ayrılmış  vəsaitlə bütün ölkə ərazisində fəaliyyət göstərən KİV-lərə dəstək göstərmək mümkün olsun. Bütün bununla yanaşı, bölgə KİV-lərinin də üzərinə müəyyən  öhdəliklər düşür. Artıq KİV qururmlarını sırf klassik prinsiplərlə idarə etmək olmaz. Onlar da özlərində güc tapmalıdırlar, yenilənməlidirlər. Özlərini kommunikasiya dəyişikliklərinə uyğunlaşdırmalıdırlar. Özlərinin internet saytlarını qurmalıdırlar. Müəyyən mexanizimləri formalaşdırmalıdırlar ki, bu proqramlar tətbiq olunanda o proqramlara düşə bilsinlər, istifadə edə bilsinlər. Sözümün sonunda onu demək istəyirəm ki, burada kimi isə qınamaq doğru deyil. Sadəcə vahid formada müzakirələr aparmaqla bizim ənənəvi KİV-ləri, o cümlədən regionlarda fəaliyyət göstərən KİV-ləri bu yaranmış vəziyyətdən çıxarmağın, onları moderenləşdirməyin yollarını aramaq lazımdır”.

Esmira Hidayətova, Mingəçevir