Reynaldonun yerində Rauf, Vaqif və ya Vüqar olsaydı…

0
353

Bir ay əvvəl “Azərbaycana gəlmiş ən səviyyəli legioner kimdir?” sualına cavab “Reynaldo” idi. Bəs görəsən nə oldu ki, “kral” adlandırılan bir şəxs indi “zindana” düşdü? Berti müəllim demişkən, deyəsən, həqiqətən də, biz futbolu yaxşı bilmirik. Axı bir ay ərzində “ən güclü” dediyimiz bir futbolçunu indi “zəif” adlandırırıq.

“Qarabağ”ın Avropa Liqasında “Sent-Etyenn” və “İnter”lə oyunlarında Reynaldonun çıxışı mətbuatı yaman qəzəbləndirdi. Halbuki həmin görüşlərə qədər braziliyalının milliləşdirilməsi üçün AFFA-nın binasının qarşısında az qala mitinq də etməyə hazır idik. Lakin bu iki matçdakı uğursuz nəticəyə görə düşmüşük Reynaldonun üstünə. “Reynaldo da azərbaycanlılaşıb”, “ondan futbolçu olmaz” sözlərini çox eşitmişəm. Bəs niyə məsələyə başqa bir tərəfdən baxmırıq? Yəni Reynaldonun gözü ilə…

“Sent-Etyenn”ə və “İnter”ə qalib gəlmədiyimiz üçün hər kəs Reynaldonu günahlandırır. Niyə? Qol fürsətlərini əldən verdiyi üçün. Deyirik ki, Reynaldo Avropada oynayacaq qədər səviyyəli deyil, bizimkilər kimi paxıldır, özü qol vurmaq istəyir. Xüsusən də, onun paxıllığı çox şişirdildi. “Sent-Etyenn”lə oyundakı bir epizod insanların belə düşünməsinə səbəb olub. Amma unuduruq ki, Reynaldo yox, onun yerində Rauf, Vaqif və ya Vüqardan biri olsaydı, heç həmin epizod yaşanmayacaqdı da. Zarafat deyil, rəqibin 3 müdafiəçisini aldatdı və qapıçı ilə üzəbüz qaldı. Bunu Azərbaycanın hansı futbolçusu bacarar? Yerliləri qoyuram bir kənara, Premyer Liqamızdakı əcnəbilərdən kim təkbaşına qol epizodu yarada bilər? Bəli, həmin anda komanda yoldaşına ötürmə versəydi, daha yaxşı olardı. Amma Reynaldo müdafiəçiləri aldatdıqca zərbə vurmağa köklənmişdi və artıq heç kim gözünə görünmürdü. Məncə, haqlı olaraq, qolu da özü vurmaq istəyirdi. Digər tərəfdən, müdafiəçiləri dar sahədə bir-bir aldadarkən vaxt tapıb başını qaldıraraq komanda yoldaşını axtarsa, o artıq Reynaldo yox, Messi olardı, Azərbaycanda yox, İspaniya və ya İngiltərədə oynayardı. Həmçinin “İnter”lə görüşdə də qarşısındakı təcrübəli müdafiəçilərin üzərinə qorxmadan necə şığıdığını gördük. Hətta bir epizodda müdafiəçini aldadıb təkbətək də çıxdı, amma zərbəsi dəqiq olmadı.

“Zalsburq”la Bakıdakı oyunu yada salaq. Reynaldonun sayəsində qazanılan qələbəni yəqin unutmursunuz. Son dəqiqələrdə braziliyalı qırmızı vərəqə alanda hamımız başımıza vurduq və “Qarabağ”ın səfərdə uduzacağını öz-özlüyümüzdə qətiləşdirdik. Belə də oldu, Reynaldosuz “Qarabağ” Avstriyada Vüqar Nadirovun ümidinə qaldı, nəticədə rəqib qapısına düz-əməlli yaxınlaşa bilmədi.

Hələ qrup mərhələsi başlamayanda hamımız “Qarabağ”ın növbəti mərhələyə çıxacağına inanırdıq (indi də inanırıq). Etiraf edək ki, bunda komandanın oyun üslubu ilə yanaşı, Reynaldo amili də var idi. Hər oyundan əvvəl Reynaldonun hücumda olduğunu görüb rahatlayırıq. Təsəvvür edin ki, hazırda “Qarabağ”ın hücumçusu Reynaldo yox, hansısa bir azərbaycanlıdır və ya Premyer Liqadakı əcnəbi hücumçulardan biridir. “Sent-Etyenn”lə oyundakı o qol epizodu yaranardımı, “İnter”in müdafiəçiləri bu qədər gərginlik içində olardılarmı? (Yeri gəlmişkən, “Qarabağ”la oyundan sonra “İnter” hələ də özünə gələ bilməyib. Bunu hətta həmin komandanın baş məşqçisi də etiraf edib). Paxıl damğası vurduğumuz epizodda bir yox, 6 azərbaycanlı futbolçu da olsaydı, birlikdə rəqibin 3 müdafiəçisini yara bilməzdi. “Cüzeppe Meatsa”da isə nəhəng müdafiəçilərin və o boyda atmosferin qarşısında bizim hücumçuların ayaqları əsərdi.

Sözümün canı odur ki, bizə bu həyəcanı yaşatdığı üçün Reynaldoya hələ “sağ ol” deməliyik. Çünki onun sayəsində “Qarabağ”ın hücumları daha təhlükəli olur və bu da bizim tez-tez yerimizdən tullanıb ayağa qalxmağımıza səbəb olur. Görünür, (yerli futbolçularımızın sayəsində) oturduğumuz yerdə o qədər yapışıb qalmışıq ki, durmağa ərinirik. Ümid edirəm ki, Reynaldo bu gözəl oyununu növbəti qrup oyunlarında qollarla bəzəyər və bizim “qool” deyə qışqıraraq yerimizdən durmağımıza səbəb olar.

Ruslan Sadıqov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here