Aydın Mirzəzadə təkzib edir: “…çağırış etməmişəm”

0
135

Milli Məclisin deputatı Aydın Mirzəzadə təkzib mətni ilə çıxış edib.

Musavat.com-a göndərilən təkzibdə deyilir: “Milli Məclisin plenar iclasında etdiyim çıxış mətbuat tərəfindən təhrif edilib. Mən Ermənistan baş naziri Paşinyanın snayperlə vurulması çağırışı etməmişəm. Mən çıxışımda cəbhə bölgəsində snayperlərin yerləşdirilməsini, atəş məsafələrinin nəzarətə götürülməsini təklif etmişəm. Demişəm ki, cəbhə bölgəsinə hər iki dövlətin rəsmiləri, o cümlədən, Paşinyan da gələ bilər. Belə bir zamanda Azərbaycan snayperlərinin atəş açması fatal nəticələrə gətirib, çıxarda bilər. Eləcə də, Azərbaycan dövlətinin rəsmiləri cəbhə xəttində olarkən, Ermənistan ordusunun snayperlərinin atəşi çox pis nəticələrə səbəb ola bilər. Təəssüf ki, mənim çıxışım jurnalistlər tərəfindən təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb”.

Qeyd edək ki, bu gün Milli Məclisin Təhlükəsizlik, müdafiə, korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə plenar iclasda zabitimizin erməni snayperləri tərəfindən qətlə yetirilməsindən dolayı üzüntüsünü ifadə etmişdi.

İndi məlum olur ki, bu zaman onun etdiyi çıxış iclasın işini müşahidə edən jurnalistlər tərəfindən fərqli bir məzmunda ictimaiyyətə çatdırılıb.