Hakim-inspektor: Azərbaycan növbəti tarixi qələbəsini qazandı

0
79

“Mayın 29-da ölkəmiz daha bir tarixə imza atdı və bütün dünyaya bir daha sübut etdi ki, ən mötəbər tədbirləri və  beynəlxalq miqyaslı idman yarışlarını da yüksək səviyyədə keçirməyə qadirdir. Bununla da antiazərbaycan qüvvələrin, xüsusilə ermənipərəst dairələrin fikirlərini alt-üst etdi. Halbuki onlar UEFA Avropa Liqasının “Celsi” və “Arsenal” komandalarının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi əleyhinə çıxaraq bu nüfuzlu tədbirin baş tutmaması üçün müxtəlif fitnə-fəsada əl atırdılar”. Bu sözləri beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Bakıda uğurla başa çatmış UEFA Avropa Liqasının final oyunu ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşərkən söylədi.

Müsahibimiz bildirdi ki, üstəlik, ölkəmizin inkişafını həzm edə bilməyənlər “Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryanın “təhlükəsizlik” səbəbindən oyunda iştirak edə bilməməsi məsələsini çox şişirdirdilər: “Bu kimi cəhdlərə baxmayaraq, onlar dünya futbol həvəskarlarının böyük səbirsizliklə gözlədikləri final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərə bilmədilər. Necə deyərlər, final  oyununun qalibi “Çelsi” oldu, Azərbaycan isə bu yarışla onu gözdən salmaq istəyənlər üzərində növbəti tarixi qələbəsini qazandı”.

A.Xudiyevin fikrincə, 2017-ci il sentyabrın 20-də Avropa Futbol Assosiasiyaları Birliyi İcraiyyə Komitəsinin 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul etməsi özü də bir tarixi hadisə idi: “Çünki belə bir nüfuzlu turnirin final oyununun Bakıya həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisi idi. Azərbaycan da bu etimadı çox yüksək səviyyədə doğrultdu”.

A.Xudiyev vurğuladı ki, bu tədbirlə bütün dünyaya bir daha nümayiş olundu ki,  2015-ci ildə Birinci Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, həmçinin ardıcıl dörd il ərzində Formula 1 yarışına uğurla evsahibliyi edən Azərbaycan təhlükəsiz ölkədir və sabitliyin təmin olunmasına, beynəlxalq tədbirlərin, idman yarışlarının insidentsiz keçirilməsinə görə ən əlverişli ölkələr ilə bir sıradadır: “Bu yarışla bağlı xarici ölkələrdən Vətənimizə gəlmiş bir neçə əcnəbi vətəndaşla təmasda olan bir şəxs kimi deyə bilərəm ki,  onlar təhlükəsizliklərinin ən yüksək səviyyədə təmin olunduqlarını vurğulamaqla yanaşı, Bakıdan, eləcə də final oyunundan zövq aldıqlarını, hətta bir daha bu şəhərə səfər edəcəklərini söyləyirdilər”.

Dövlətimizin başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulayan Asim Xudiyev yarışın təşkilatçılığının yüksək səviyyədə olduğunu söylədi: “Onu da deyim ki, dünyanın heç bir yerində Avropa Liqasının finalına bizim ölkəmizdəki kimi hazırlıq aparılmayıb. Bunu gələn qonaqlar da etiraf edirdilər. Bir sözlə, oyunun təşkili, təbliği və digər bütün işlər yüksək səviyyədə idi.  Bununla da tədbirin təşkilatçıları  bir daha sübut etdilər ki, Azərbaycan nüfuzlu idman tədbirlərini ən yüksək səviyyədə keçirməyi bacarır. Elə tədbir çərçivəsində heç bir insidentin baş verməməsi də bunun sübutudur. Yeri gəlmişkən, təşkilati işlərdə yaxından iştirak edən hər kəs hər cür hörmətə layiqdir”.

Müsahibimiz, həmçinin vurğuladı ki, belə möhtəşəm tədbirin Bakıda keçirilməsi Azərbaycanın idman ölkəsi kimi imicinin daha da güclənməsi baxımından əhəmiyyətli oldu: “Ölkəmiz təsdiq etdi ki, 2020-ci ildə Avropa çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək və uğurla keçirmək gücünə, bacarığına malikdir. Digər tərəfdən, UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi həm də ona görə əhəmiyyətli oldu ki, dünyanın diqqəti bir daha ölkəmizə yönəldi. Bakıda final oyununu dünyanın minlərlə futbol azarkeşi izlədi. Matç dünyanın 204 telekanalı ilə yayımlandı ki, bu da televiziyaların ekranları qarşısında əyləşmiş milyonlarla əcnəbi tamaşının ölkəmiz haqqında məlumat almasına şərait yaratdı. Bununla da bu beynəlxalq yarış Azərbaycanın turizm potensialının inkişafına da öz töhfəsini vermiş oldu. İdmanın, xüsusilə də futbolun gücü məhz bundadır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”