Səyyar görüşlər səmərəli nəticələr verməkdədir

0
107

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Mingəçevir kənd yaşayış massivində X.Şuşinski adına Mədəniyyət evində keçirilib.

Sakinləri salamlayan şəhər rəhbəri İlham İsmayılov əvvəlki səyyar görüşlərdə olduğu kimi, bu görüşdə də regionlarda, o cümlədən Mingəçevirdə davamlı olaraq görülən işlərdən ətraflı söz açıb. O həmçinin vurğulayıb ki, bütün bunlar əhali tərəfindən böyük razılıq hissi ilə qarşılanır. Başçı çıxışının sonunda dövlət başçısının tapşırığı ilə keçirilən səyyar görüşlərin artıq səmərəli nəticələr verdiyini məmnunluq hissi ilə qeyd edib.

Səyyar görüşdə çıxış edən kənd ağsaqqalı Allahverdi Əliyev bildirib ki, son zamanlar Mingəçevirdə görülən işlər hər birimizin ürəyincədir: ”Təbii ki, inkişaf olan yerdə problemlər də qaçılmazdır. Bizim də müəyyən problemlərimiz var. Belə ki, yaşayış massivinin suvarma sistemi yoxdur. Biz əkin, biçinlə dolanan insanlarıq. Dolanışığımız torpaqdan çıxır. Amma əkdiyimiz məhsulları suvara bilmirik. İnanırıq ki,  bu problem də öz həllini tapacaq”.

Etibar Əliyev isə kanalizasiya sistemindən, kəndin yollarından danışıb: ”Kəndin 5 küçəsinə asfalt örtüyü çəkilib. Amma digər yollarımız  bərbad vəziyyətdədir. Ərazidə tikintisi yarımçıq qalmış uşaq bağçası-körpələr evi var. Bəzi ailələr sosial yardım ala bilmək üçün maneələrlə rastlaşırlar. Xahiş edirik ki, bizim bu kimi problemlərə də bir əncam çəkəsəniz“.

Bütün çıxışları dinləyən icra başçısı qaldırılan bütün problemlərin mərhələ-mərhələ öz həllini tapacağını bildirib.

Esmira Hidayətova