“Bu, Azərbaycanın beynəlxalq arenada daha bir uğurudur”

0
48

“Təəssüratlar çox gözəldir. Bu böyük hadisə münasibəti ilə bütün Azərbaycan futbol azarkeşlərini təbrik edirəm. Dünənki, “Arsenal” və “Çelsi” oyununda mənim üçün Azərbaycan qalib gəldi. Gələcəkdə biz bunun dividentlərini və bonuslarını görəcək və hiss edəcəyik. Milyonlarla insan bu oyuna baxdı, Azərbaycan və paytaxt Bakı haqqında məlumat aldı. Şübhəsiz ki, bundan sonra minlərlə xarici vətəndaş Azərbaycana turist kimi gələcək. Bir sözlə, ölkəmizin xeyrinə oldu”. Bu sözləri Əməkdar artist, Rəssamlar və Kinematoqrafçılar İttifaqının, Fotoqraflar Birliyi və Karikaturaçılar Cəmiyyətinin üzvü, əfsanəvi “Parni iz Baku” KVN komandasının üzvü, yazıçı, aktyor və rejissor Bəhram Bağırzadə UEFA Avropa Liqasının dünən Bakıda keçirilən final oyunu haqqında Publika.az-a danışarkən deyib. Aktyor bildirib ki, final oyununun uğurla keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını bir daha nümayiş etdirdi:

“Təşkilatçılara öz minnətdarlığımı bildirirəm, tədbir çox gözəl təşkil olunmuşdu. Azarkeşlər heç bir əziyyət çəkmədi, hər şey plan üzrə həyata keçirildi. Oyundan əvvəl fan-zonaların yüksək səviyyədə təşkili, azarkeşlərin ehtiyaclarının ödənilməsi, onlar üçün mümkün olan şəraitin yaradılmasını xüsusi qeyd etmək lazımdır. Bu, Azərbaycanın beynəlxalq arenada daha bir uğurudur. Artıq əmin ola bilərik ki, mötəbər yarışları Azərbaycanda keçirməyə qadir bir millətik. Hər hansı bir problemin, ciddi insidentin olmaması isə tədbirin yüksək səviyyədə təşkil edilməsinin daha bir sübutu oldu”.