İslam həmrəyliyi: siyasətimizin təntənəsi

0
28

Qərb dünyası ilə yanaşı, müsəlman ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biridir. Elə bu səbəbdən Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz müsəlman dünyası ilə siyasi, mədəni əlaqələri daha da möhkəmləndirir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki,  Azərbaycanda keçirilmiş bütün çoxsaylı tədbirlər İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət göstərir: “Bununla da ölkəmiz İslam dünyasına layiqli töhfələr verir. Fikrimcə, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi, 54 müsəlman ölkəsindən gələn 3 min idmançının iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi,  mədəniyyətlərarası dialoqların, eləcə də digər tədbirlərin təşkili dövlətimizin müsəlman aləminin birliyi üçün nümayiş etdirdiyi mühüm siyasi iradənin göstəriciləridir. Bir neçə gün öncə Ramazan ayı münasibətilə müsəlman dövlətlərinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edən Prezident İlham Əliyev bu istiqamətdə daha ciddi addımların atılacağını da bəyan edib. Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etməsi artıq ənənəyə çevrilib. Bu ənənəni xarici siyasətimizin əsas istiqamətlərindən olan İslam həmrəyliyinə verilən töhfələrindən biri kimi dəyərləndirmək olar”.

Müsahibimiz, həmçinin vurğuladı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sayəsində qüdrətli dövlətə çevrilən, müstəqil siyasət aparan və dinamik inkişaf edən Azərbaycanın mövcud potensialı, dünya miqyasında mövqeyi və beynəlxalq ictimaiyyətin ona olan etimadı islam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürməyə imkan verir: “Yəni, ölkəmizin hazırkı nüfuzu və təcrübəsi müsəlman ölkələri arasında birləşdirici rol oynamağa imkan verir. Bütün bunları müsəlman ölkələri də yaxşı başa düşür. Odur ki, onlar hər zaman Azərbaycanın haqq səsini dəstəkləyirlər. Hətta onların əksəriyyəti Dağlıq Qarabağ və ətraf rayonları işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayacaqlarını bəyan ediblər. Üstəlik, İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə kontakt qrupu yaratmışdır və təşkilat bu münaqişə ilə bağlı bizim haqq işimizi daim dəstəkləyir. Onu da bildirməliyəm ki, beynəlxalq təşkilatlarda bizi ən çox dəstəkləyən müsəlman ölkələridir. Bu isə dövlət başçımızın bildirdiyi kimi, bizim üçün çox əhəmiyyətlidir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim çıxış edərək deyib ki, müsəlman ümmətinin əziz, ayrılmaz və vacib bir üzvü kimi, Azərbaycan müsəlman aləminin Dağlıq Qarabağdan tutmuş Əl-Qüds, Əl-Şərif, Kəşmirə qədər və digər işğal olunmuş müsəlman əraziləri ilə bağlı məsələlərdə ədalətli haqq işini böyük səylə dəstəkləyib, habelə bu günün çoxsaylı çağırışları ilə mübarizədə birgə səylərin önündə olub.

Yeri gəlmişkən, onu da deyim ki, mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində də bu kimi nüanslardan ətraflı danışılıb. Zənnimcə, dünyanın bir çox ölkələrində mənəvi dəyərlərə qarşı savaş açıldığı, islamofobiya, antisemitizm zəminində təqiblərin artdığı mürəkkəb zamanda Azərbaycan Prezidentinin elan etdiyi multikulturalizm, İslam həmrəyliyi kimi qlobal əhəmiyyətli ideyalar ətrafında birləşməyimiz dövlətimizin uğuru, siyasətimizin isə təntənəsidir”.

Qvami Məhəbbətoğlu, “İki sahil