Gənc həkim kişilər arasında ən çox yayılmış xəstəlikdən danışdı

0
63

Mingəçevir Mərkəzi Xəstəxanasında uroloji və androloji müayinə, müalicə və əməliyyatlar gənc həkim Cavid İsayev tərəfindən bacarıqla həyata keçirilir. Bu günlərdə Azərbaycan Tibb Universiteinin  məzunu olan gənclə görüşüb ona bir neçə sualla müraciət etdik.

İlk sualılmıza cavab verən həkim bildirdi ki, prostat vəzinin adenoması kişilər arasında ən çox yayılmış xəstəliklərdən biridir: “Son vaxtlar Azərbaycanda kişilər ən çox prostat vəzi xəstəliyindən şikayət edirlər.

Adətən, bu xəstəliyə yaşı 40-dan yuxarı olan kişilər tuş gəlirlər. Onu da deyim ki, prostat  vəzinin adenoması – prostat vəzinin xoşxassəli şişidir. Bu xəstəliyin digər rəsmi adı isə prostat vəzinin xoşxassəli hiperplaziyası, yəni boyüməsidur”.

Həkim Cavid İsayevin sözlərinə görə, prostat vəzinin adenomasının əmələ gəlməsinin əsas səbəbi bu günə qədər hələ də dəqiq müəyyən edilməyib: “Ancaq xəstəliyin daha çox yaşlı kişilərdə inkişaf etməsini nəzərə alaraq, həkimlər onun əsas səbəbini yaşın artması ilə əlaqədar olaraq, qanda kişi cinsi hormonu olan testosteronun azalması ilə izah edirlər. Bundan başqa, prostat vəzi adenomasının inkişaf etməsinə təsir edə bilən digər faktorlar (irsiyyət faktoru; sidik kanalı, böyrəklər və sidik kisəsinin iltihabi xəstəlikləri; sidik-cinsiyyət üzvlərinin travmaları; oturaq iş və yaşayış tərzi; spirtli içkilərin qəbul edilməsi; tez-tez baş verən qəbizliklər; qaydasız cinsi əlaqələr; immunitetin zəifləməsi və s.) vardır” 

Müsahibimiz bildirdi ki, bu xəstəliyin ilkin mərhələsində, xüsusən gecə saatlarında xəstələr tezləşmiş və bir qədər çətinləşmiş sidik ifrazının olmasından sikayət edirlər: ”Oyanandan sonra isə xəstə sidik kisəsini dərhal boşalda bilmir və bir müddət müəyyən qədər güc verməli olur. Bu zaman sidiyin axın sürəti də zəifləmiş olur və arabir hətta kəsilə də bilir. Xəstəliyin ikinci mərhələsində sidik ifrazı pozğunluqları daha da artmağa başlayır. Sidik ifrazının tezliyi daha da artır, axşamlar xəstə sidik ifrazına bir neçə dəfə durur. Bəzi hallarda sidik ifrazı dayanmış olur və xəstə uzun müddət sidik ifraz edə bilmir. Xəstədə sidik ifrazının əvvəlində və sonunda ağrı olur, aralıq, qasıq, xayalıq nahiyəsində sızıldayan ağrılar, ereksiya və toxum xaricetmə pozğunluqları baş verir.

Həkimin sözlərinə görə, bu xəstəliyin müalicəsi zamanı həm medikal (dərmanlarla), həm də cərrahi üsullardan istifadə edilir: “Bu məsələdə prostatın çəkisi və sidik ifrazının hansı vəziyyətdə olduğu çox önəmlidir. Ən doğrusu 50 yaşa çatmış hər kişinin həyatında bir dəfə etməli olduğu – həkimə gedib prostat müayinəsindən keçmək və irəlidəki illərdə qarşılaşacaq bu problemləri vaxtında aşkar etmək, düzgün məsləhətlər və müalicələr almaqdır. Prostat adenoması zamanı hər bir xəstəyə individual yanaşılır yaş, xəstənin ümumi vəziyyəti və.s dəyərlər nəzərə alınaraq medikal (dərman), ya da cərrahi müalicə seçilir”.

Esmira Hidayətova, Mingəçevir