Tariximizin qürur səhifəsi

0
91

1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında önəmli hadisə baş verdi. Müsəlman Şərqində ilk parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) quruldu və mövcud olduğu qısa zaman kəsiyində bu demokratik respublika milli dövlətçilik tariximizdə silinməz izlər qoydu. Dövlət bayrağının qəbul edilməsi, milli ordunun yaradılması, Bakı Dövlət Unuversitetini təsis olunması, ana dilimizin dövlət dili səviyyəsinə qaldırılması, milli pul vahidi olan manatın dövriyyəyə buraxılması, Parlament tərəfindən 200-dən çox qanunun hazırlanması Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük keyfiyyətlərindən idi. Eyni zamanda, AXC  Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən dövlət kimi adını tarixə yazdırdı. Bir sözlə, o zaman olduqca mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. Üstəlik, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirdi. Uzun illərdən bəri müstəmləkə üsul-idarəsi tərəfindən unutdurulmuş dövlətçilik ənənələrini bərpa etdi və gücləndirdi.

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda təşəkkül tapması  xalqımızın o dövrdə milli müstəqillik, azadlıq duyğuları ilə bağlı idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra Rusiya bolşevizminin işğalı nəticəsində süquta uğradı.  

XX əsrin sonlarında Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən müstəqilliyə qovuşdu. Amma AXC-Musavat cütlüyünün bacarıqsızlığı ucbatından müstəqilliyimizin ilk illəri ölkəmiz üçün faciəli, çox ağır illər kimi tarixdə qaldı. Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı dövrdə ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra isə vəziyyət dəyişdi. Ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaq təhlükəsindən xilas oldu. Ümummilli Lider Azərbaycanı o ağır vəziyyətdən çıxardı və ölkəmizi yeni inkişaf yoluna qoydu. Bu mənada 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır.

Yeri gəlmişkən, qeyd edək ki, Ulu Öndər AXC-nin fəaliyyətini  dövlətçilik salnaməmizin parlaq səhifələrindən biri kimi xarakterizə edib. Ümummilli lider, həmçinin bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti həm milli dövlətçilik ənənələrimizin bərpası işində böyük işlər görüb, həm də Azərbaycanın müstəqil gələcəyinin əsasını qoyub. Bütün bunlara görə Ulu Ondər bugünkü müstəqil ölkəmizi onun varisi sayıb: “Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, iqtisadi islahatların həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və bu dövlət, bu quruluş 1918-ci ildə yaradılmış ilk Xalq Cümhuriyyətinin varisidir”. Ulu Öndər, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının – Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin və digərlərinin əməyini də yüksək dəyərləndirib.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin təbliği istiqamətində digər addımlar da atıb. Məsələn, XX əsrin 90-cı illərinin respublikamız üçün ağır sınaq illəri olmasına baxmayaraq, ümummilli lideri Heydər Əliyev 30 yanvar 1998-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Qeyd edək ki, həmin Sərəncamda bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğu xüsusi vurğulanıb.

Son illər Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sayəsində qüdrətli dövlətə çevrilən, müstəqil siyasət aparan, öz qlobal layihələri ilə dünyanı heyrətləndirən və dinamik inkişaf edən ölkəmiz artıq beynəlxalq aləmin də diqqət mərkəzindədir. Bu mənada bu gün müasir müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”