Polkovnik: Ermənistan hər bir təlimin döyüşə çevrilə biləcəyindən narahatdır

0
131

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında ordumuzun müxtəlif qoşun növlərinin, birlik və birləşmələrin iştirakı ilə həyata keçirdiyi növbəti genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb. Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, orduya ən müasir silahların cəlb olunması dövlət siyasətimizin prioritet istiqamətlərindəndir: “Hazırda aparılan danışıqlarla paralel olaraq Azərbaycan öz Silahlı Qüvvələrinin daha da gücləndirilməsinə, ən müasir döyüş imkanlarını mənimsəməsinə xüsusi diqqət ayırır. Çünki danışıqlar prosesinə ümid tam kəsilərsə, o zaman Azərbaycan Ordusu öz sözünü deyəcək. Rəsmi Bakı bunu gizlətmir.  Şübhəsiz, ordunun döyüş qabiliyyətinin artırılması məqsədilə belə təlimlərin keçirilməsi də zəruridir”.

Şair Ramaldanov, həmçinin vurğuladı ki, 10 minədək şəxsi heyətin, 150 tank və digər zirehli texnikanın, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusunun, 35 təyyarə və helikopterin cəlb olunduğu budəfəki təlimlərdə düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi əsas götürülüb: “Bu təlimlərdə qarşıya qoyulan məqsədə nail olunur. Onu da deyim ki, son illər belə təlimlərin sayı artırılıb. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-3-də “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi də keçirilib. Unutmayaq ki, təlimlər, həm də döyüş imkanlarının nümayişi deməkdir”.

Müsahibimiz bildirdi ki, dünya standartlarına cavab verən ordumuzun təlimləri hər dəfə Ermənistanda ciddi narahatlıqla qarşılanır: “Təlimlər növbəti dəfə Ermənistan tərəfini qorxuya salıb. Şübhəsiz, bu  təlimlərimiz onlara  güclü psixoloji təzyiq də göstərir. Qeyd edim ki, ordumuzun planlı surətdə keçirdiyi təlimlər barədə Müdafiə Nazirliyi həmişə əvvəlcədən xəbər yaymaqla ictimaiyyəti və beynəlxalq qurumları məlumatlandırır. Eyni zamanda, təlimin mərhələləri barədə foto-video süjetlər nazirliyin rəsmi internet saytı vasitəsilə ictimaiyyətə təqdim olunur. Buna baxmayaraq, beynəlxalq qurumlar tərəfindən tanınmış sərhədlərimiz çərçivəsində təlimlər keçirməyimizdən təşvişə düşən rəsmi İrəvan guya bizim hansısa tələbləri pozmağımız barədə uydurma və gülünc bəyanatlarla çıxış etməkdən belə çəkinmir. Amma artıq demək olar ki, heç bir qurum onların belə bəyanatlarına məhəl qoymur”.

Polkovnikin fikrincə, Ermənistanın təşvişə düşməsi anlaşılandır: “Onlar artıq hər bir təlimin döyüşə çevrilə biləcəyindən narahatdırlar və belə düşünməkdə haqlıdırlar. Çünki onlar görürlər ki, ərazi bütövlüyünün bərpa edilməsi üçün Azərbaycan həm iqtisadi potensialını, həm Silahlı Qüvvələrinin hazırlığını, hərbçilərinin peşəkarlığını artırmaqda davam edir. Digər tərəfdən, bütün hallarda Ermənistan anlayır ki, Azərbaycan heç zaman işğalla barışan deyil və gec-tez öz torpaqlarını azad edəcək, təlimlərin intensivliyi də  işğal altındakı ərazilərimizin gec-tez azad olunmasına hesablanıb. Ermənistanda yaxşı bilirlər ki, yenidən hərbi əməliyyatlar başlayarsa, güclü Azərbaycan düşməni məğlubiyyətə uğradacaq. Bildiyiniz kimi, Ermənistanda digər sahələrdə olduğu kimi, orduda da hansısa müsbətə doğru dəyişikliklər baş verməyib və baş vermək ehtimalı da yoxdur. Əksinə, Ermənistan ordusunda vəziyyət getdikcə daha acınacaqlı xarakter alıb. Üstəlik, ordumuzun qələbəsi ilə başa çatmış aprel döyüşlərinin şokundan hələ də çıxa bilməyən ermənistanlı gənclər orduda xidmət etmək və Dağlıq Qarabağda qurbana çevrilmək istəmirlər. Yəni, Silahlı Qüvvələrimiz həmin günlərdə Ermənistan döyüşçülərinə elə divan tutdular ki, bu gün də onlar özlərinə gələ bilməyiblər. Ermənistanın baş naziri Nikol Paşinyan isə hələ də öz hakimiyyətini gücləndirmək istiqamətində mübarizə aparır”.

Müsahibimiz bildirdi ki, genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, hərəkətinin nəzarətdə saxlanılması, onun törədə biləcəyi istənilən təxribat cəhdlərinin qarşısının bütün atəş vasitələrinin tətbiqi ilə dərhal alınması barədə müvafiq göstərişlər verib.

Qvami Məhəbbətoğlu, “İki sahil”