Əfsanəni reallığa çeviriən unikal layihə

0
87

Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür

2005-ci il mayın 25-də Bakı yaxınlığındakı Səngəçal terminalında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinə xam neft vurulub. Bununla da bu kəmərin Azərbaycan hissəsi istifadəyə verilib.

Bu, Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftin dünya bazarlarına öz marşrutu boyunca üç ölkə ərazisindən keçməklə çıxışının başlanğıcı idi.  Bu mənada bu, həm də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açırdı. Bir il sonra – 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhana çatdı. Həmin il iyulun 13-də Ceyhan şəhərində BTC-nin tam bir sistem kimi istifadəyə verilməsi qeyd olundu.

Prezident İlham Əliyev BTC-nin Azərbaycan hissəsinə xam neft vurulması mərasimində demişdir ki,  bizim neft potensialımızı tam həcmlə həyata keçirmək üçün əlbəttə, iri həcmli neft kəmərinin tikintisi lazım idi: “Biz bunu bacardıq, bunu etdik, bəziləri buna inanmırdı, bəziləri şübhə ilə yanaşırdı, bəziləri isə mane olmağa çalışırdı. Azərbaycan öz dostları ilə, qonşu dövlətlərlə birgə əməkdaşlığını, Türkiyə-Gürcüstan-Azərbaycan birliyi, ABŞ-ın bu layihəyə və ümumiyyətlə, bütün enerji layihələrinə verdiyi dəstək, BP-nin səmərəli fəaliyyəti, Dövlət Neft Şirkətinin fəaliyyəti bizə imkan verdi ki, biz bu əfsanəni reallığa çevirdik. Şübhə etmirəm ki, Bakı-Tbilisi-Ceyhan bundan sonra da Azərbaycan xalqına, bizim dost, qonşu ölkələrimizə çox böyük səmərə gətirəcək, çox böyük fayda gətirəcək”. O, həmçinin vurğulamışdır ki, əldə olunan gəlirlərdən hər bir vətəndaş faydalanacaq. Qeyd edək ki, bu gün ölkəmizdə uğurla həyata keçirilən islahatların təməlində məhz BTC dayanır. Belə ki, Xəzərlə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizi dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına, tranzit potensialını, həmçinin valyuta ehtiyatımızı artırmağa təkan verdi, ölkəmizə sərmayə axınını artırdı.

Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirdi, onun iqtisadi qüdrətini artırdı, dövlətimizi Cənubi Qafqazın liderinə çevirdi. BTC dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verdi, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaratdı. Bu gün BTC beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir.  Artıq bir sıra dövlətlər Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkə kimi qəbul edirlər. Bir sözlə, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan BTC haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü artıq öz təsdiqini tapıb.

Mütəxəssislərin bildirdiklərinə görə, dünyanın ən uzun boru kəmərlərindən biri olan BTC-nin fəaliyyət göstəriciləri bu günədək onun maraqlı tərəflərinin gözləntilərindən də yüksək olub. Dövlət Neft Fondundan verilən məlumata görə,  2018-ci ilin sonunadək BTC vasitəsilə ümumilikdə 417 milyon tondan artıq (3,12 milyard barreldən artıq) xam neft nəql edilib və Ceyhanda 4085 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu gün ölkəmiz inkişaf edir, bölgələrimiz abadlaşır, yeni infrastruktur layihələr reallaşır, iqtisadiyyatımız şaxələndirilir. Şübhəsiz, bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır. Təbii ki, əldə olunan bu sosial-iqtisadi yüksəliş düzgün idarəetmənin nəticəsi olmaqla yanaşı, həm də “Əsrin müqaviləsi”ndən başlanan inkişaf yolunun bəhrələridir. Burada Prezident İlham Əliyevin sözlərini xatırlatmaq yerinə düşərdi:  “Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik”.

Yeri gəlmişkən, qeyd edək ki, BTC daha bir qlobal ixrac kəmərinin – Bakı-Tbilisi-Ərzurum qaz xəttinin istifadəyə verilməsinə yol açıb. Prezident İlham Əliyev  “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsinə təsadüf edən Cənub Qaz Dəhlizinin təməlinin qoyulması mərasimində bu mühüm hadisəni bu günə qədər görülən işlərin zirvəsi kimi dəyərləndirərək bildirmişdir ki,  BTC neft kəməri olmasaydı, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, bunlar olmasaydı, bu gün Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi. 

Qvami Məhəbbətoğlu, “İki sahil”