“Ömrün 60 yarpağı”

0
133

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış yazar Ələsgər Talıboğlunun 60 illiik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən söz ustadı Kəmaləddin Qədim Ələsgər Talıboğlunun yaradıcılığından ətraflı söz açıb. Bildirib ki, Ələsgər Talıboğlu “Qəm karvanı”, “Vətən nəğmələri”, “Bir kəhər kişnəyir yuxularımda”, “O yurd mənim yurdum idi”, “Şeir göyərçin dənidi” və  60 illik yubleyi ilə əlaqədar olaraq çap olunmuş “Ömrün 60 yarpağı” kitablarının müəllifidir: “60 yaşın zirvəsinə qədəm qoyan həmkarım bu tədbir çərçivəsində təqdimatı keçiriləcək sonuncu kitabında -“Ömrün 60 yarpağı”ndan da üzağlığı, alınaçıqlığı ilə dönüb geriyə, yola saldığı illərə baxa bilib. 60 illik qaynar bir həyat yaşamış şair ömrünü bu kitaba sığışdırmağa çalışıb və buna da nail olub. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu kitabda Ələsgər Talıboğlunun  şeirləri və müxtəlif illərdə qələmə aldığı publisistik yazıları, eləcə də ona ithaf olunmuş yazılar dərc olunub. Bu yerdə bir məsələni də xüsusi vurğulamaq istərdim. Ələsgər Talıboğlu atalığı haqqında yazdığı “Əsl insan haqqında elegiya” şeri ilə ədəbiyyatımıza müsbət atalıq obrazını gətirib. Hətta deyərdim ki, özü də çox mükəmməl bir formada. Ələsgər Talıboğlu sərbəst şerlə bərabər, 2 hecadan tutmuş 16 hecaya qədər heca vəznində şerlər də ərsəyə gətirib. Aşıq poeziyasının ayrı-ayrın janrlarında – bayatı, cinas bayatı, gəraylı, qoşma, dodaqdəyməz, təcnis, cığalı təcnis və sair şeri formalarında əsərlər yazıb. Aşıq Tanrıverdi, ustad Mikayıl Azaflıdan sonra aşıq ədəbiyyatımızda gəraylı üstündə yazılmış 2-3-4-5-6 hecalı şeirlər də ona məxsusdur. Qələm dostum, istedadlı şairə, üzümü tutub deyirəm: 60 yaşın mübarək, qardaş! Sənə həyatda möhkəm cansağlığı,  yeni yaradıcılıq uğurları və bol-bol oxucu sevgisi arzulayıram”.

Şair Oqtay Rza bildirib ki, Ələsgər Talıboğlunun şeirlərində milli varlığımızın fəlsəfi pıçıltıları eşidilir:”Bayağı və ucuz deyim onun yaradıcılığına yaddır. Ələsgər Talıboğlu nədən və necə yazmasından asılı olmayaraq, yazdığı şeirlərində özümlü biçimlərinin palitrasına əzəmətli boyalar qatan bir söz adamıdır”.

Şairə Adilə Nəzər də onu  vətənpərvər şair kimi dəyərləndirib: “Məhz buna görə də onun poeziyası hər bir oxucu tərəfindən sevilir.  Mən də onun kitablarını vərəqlədikcə orada ürək yanğısı ilə yazılan Vətən sevdalı şeirləri oxuduqca ruhum rahatllıq tapır. Yeri gəlmişkən, o, qəlbində xatirəyə çevrilmiş uşaqlıq illərinin həsrət və nisgil dolu günlərini də oxucu qəlbini kövrəldən misralarla ifadə etməyi çox gözəl bacarır:

O dağlar, dərələr, oylağım olub,

O Söyüdbulağım qaynağım olub.

Həsrətin köksümdə çırağım olub,

Axan göz yaşımı siləm… silməyəm…

Filologiya elmləri doktoru Tariyel Abbaslı isə onun şeirlərində bir dərdin də hakim olduğunu dillə gətirib. Bildirib ki, bu dərd Qarabağ, Şuşa dərdidir: “Oxucusunu daim bu dərdlə narahat edən şair şəhid olmuş vətənin qəhrəman oğullarının, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdikləri  şücaətləri belə qələmə alır.

Vətən sevgisidi sənin ilhamın,

Vətən dağlarına sən qardaş oldun.

Bu bayraq uğrunda canından keçib,

Bir Vətən övladı, Vətəndaş oldun.

O, həmçinin bir maraqlı fikir də söylədi. Dedi ki, ilk dəfə Ələsgər Talıboğlunun şeirləri ilə tanış olanda elə bildim ki, o, əslən Göyçədən olub Aşıq Ələsgər nəslindəndir.

Digər çıxış edənlər də Ələsgər Talıboğlunun yaradıcılığına müxtəlif aspektlərdən yanaşaraq fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin sonunda 60 yaşlı Ələsgər Talıboğlu xoş sözlərə, dəyərli fikirlərə görə qələm yoldaşlarına minnətdarlığını bildirib. Qeyd edib ki, bu tədbirin simasında “Ömrün 60 yarpağı”nı saralmayan, solmayan bir ədəbi hadisə kimi həmişə xatırlayacaq.

Qvami Məhəbbətoğlu