Başçı Sağ sahil yaşayış massivinin sakinləri ilə görüşdü

0
125

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Sağ sahil yaşayış massivindəki Koroğlu 23,25, Mehdi Hüseyn 12 və Nəcəf Bəy Vəzirov küçələrindəki 16 nömrəli yaşayış binalarının qarşısındakı ərazidə keçirildi.

Qeyd edək ki, şəhərin digər yaşayış massivlərində olduğu kimi, burada da bir sıra əsaslı və cari təmir işləri həyata keçirilmişdi. Küçələr abadlaşdırılmış, bəzi yerlərə asfalt örtüklər çəkilmiş, ağacların dibləri bellənmiş və ağardılmışdı, sakinlərin istirahəti üçün əraziyə səliqə ilə rənglənmiş oturacaqlar qoyulmuşdu. Uşaqlar üçün idman qurğuları quraşdırılmış, əyləncə sahələri ayrılmışdır.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşdə iştirak edən sakinləri salamlayaraq ölkə rəhbəri tərəfindən həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlər haqqında ətrafı məlumatla çıxış etdikdən sonra şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs etdi. Bildirdi ki, hazırda şəhərin Sağ və Sol sahillərindəki məhəllələrdə, Energetiklər qəsəbəsində və digər məhəllələrdə böyük quruculuq işləri həyata keçirilir. Sakinlərin arzusuna uyğun olaraq binaların dam örtüklərinin yenilənməsi ilə yanaşı, fasadları, giriş dəhlizləri, qapı və pəncərələri yenilənir. Ağacların vaxtlı-vaxtında sulanması üçün yeni su xətləri çəkilir. O cümlədən sakinlərin arzusunu nəzərə alaraq binalara istilik sistemlərinin qaydaya salınması üçün tədbirlər həyata keçirilir.

Görüşdə istirak edən sakinlərdən Baxış Baxışov, Almaz Cəfərova, Loğman Cəbrayılov, Nüşabə Hacıyeva, Durna Əliyeva, Adil Namazov, Elvin İsmayılov, Ballı Məmmədova, Nadir Xəlilov, Firuzə Muradova, Əntiqə İbrahimova və başqaları ərazidə qoyulmuş açıq mikrofondan istifadə etməklə şəhər rəhbərliyinə ürək sözlərini bildirdilər. Şəhərdə aparılan abadlıq və quruculuq işlərindən razılıqlarını qeyd etməklə yanaşı, qarşıya çıxan bir sıra problemlərdən də söz açdılar. Xüsusilə ağacların vaxtlı-vaxtında sulanması, yaşadıqları ərazinin başdan-başa asfaltlanması, yeni ağacların əkilməsi, binaların zirzəmilərinin antisanitariya vəziyyətindən çıxarılması, məhəllənin işıqlandırılması, o cümlədən yaşadıqları əraziyə yaxın olan 15 saylı uşaq bağçası körpələr evinin əsaslı təmir olunması, fiziki cəhətdən ömrünü başa vurmuş ağacların kəsilməsi və ya budanması məsələlərini qaldırdılar.

Şəhər İcra hakimiyyətinin başçısı qaldırılan məsələlərə münasibətini bildirməklə yanaşı, görüşdə iştirak edən müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıq və tövsiyyələrini verdi, sakinləri əmin etdi ki, bu istiqamətdə əməli işlər görüləcək və sakinləri narahat edən problemlər vaxtında aradan qaldırılacaq.

Esmira Hidayətova, Mingəçevir.