Mingəçevirdə Avropa İttifaqı günləri

0
119

“Şərq Tərəfdaşlığı” proqramının 10 illik yubileyi münasibətilə Mingəçevirdə  Avropa İttifaqı günlərinin növbəti mərhələsi  keçirilir.

Tədbirlə əlaqədar Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, eləcə də İttifaqa üzv olan dövlətlərin Azərbaycandakı diplomatik korpus nümayəndələri, həmçinin çoxsayda media nümayəndələri Mingəçevirə səfər ediblər. Avropa günlərinin əsas məqsədi  Avropa İttifaqının fəaliyyəti barədə  maarifləndirmə səviyyəsini artırmaqdan, Azərbaycanda həyata keçirilən  və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən  layihələrələ yaxından tanışlıqdır. Bu çərçivədə Mingəçevirdə keçiriləcək iki gün ərzində  indiyədək bölgədə uğurla gerçəkləşdirilən 14 layihə barədə məlumatların çatdırılması və onların nəticələri ilə tanışlıq nəzərdə tutulur.

Səfərin ilk günü rəsmi qonaqlar Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tərəfindən qəbul edilib. Şəhərin İcra hakimiyyəti  başçısı  və Avropa İttifaqı Azərbaycan nümayəndəliyi rəhbəri Kestutis Jankauskas arasında məlumat xarakterli dialoq qurulub, səfərin məqsəd və hədəfləri açıqlanıb.

Daha sonra Mingəçevirin səhiyyə müəssisələrində pilot layihə olaraq gerçəkləşdirilən icbari tibbi sığorta layihəsinin gedişatı ilə tanışlıq həyata keçirilib. Mingəçevir Mərkəzi xəstəxanası publik hüquqi müəssisəsində keçirilən görüşlər zamanı müəssisənin direktoru Könül Ələkbərov qonaqlara icbari tibbi sığortanın tətbiqi ilə əldə edilən nailiyyətlər barədə danışıb.


Avropa İttifaqının nümayəndələri icbari tibbi sığortanın (İTS) pilot layihə şəklində tətbiq edildiyi tibb müəssisəsinin fəaliyyəti və Aİ-nin maliyyələşdirdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin nəticələri ilə tanış olublar.

Ardınca tədbir iştirakçıları şəhərin  Səməd Vurğun meydanında təşkil olunan növbəti tanıtım mərasiminə qatılıb. Burada təhsil, səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, enerji digər layihələr barədə geniş məlumatlar əldə etmək imkanı qazanıb. Daha sonra Avropa İttifaqı günləri  Meridian rok qrupu tərəfindən nümayiş olunan konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, gün ərzində Avropa ittifaqı Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas tədbirdə iştirak edən media təmsilçilərinin çoxsaylı suallarını cavablandırıb.

 Mingəçevirdə keçiriliən Avropa İttifaqı  günləri sabah başa çatır.

Esmira Hidayətova, Mingəçevir