Koçaryan-Paşinyan savaşı: Kim qalib gələcək?

0
51

Son günlər separatçı Dağlıq Qarabağ rejimi ilə İrəvan arasında gərginlik artıb. Hətta belə bir fikir də formalaşıb ki,  separatçı rejimə Rusiyadan  dəstək var. Politoloqların fikrincə, bu günlərdə baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağın əks-inqilabi mərkəzə çevrilməsi barədə səsləndirdiyi  fikirlər də təsadüfi deyil.  Xatırladaq ki,  konstitusiya quruluşunu devirməkdə, külli miqdarda rüşvət almaqda ittiham olunan sabiq prezident, əslən Dağlıq Qarabağdan olan Robert Koçaryan təcridxanadan “Reuters” agentliyinə yeni partiyanın ortaya çıxacağını və onun Paşinyana böyük zərbə endirəcəyini bildirmişdi.

Bu günlərdə eks-prezidentin kiçik oğlu Levon Koçaryan da atasının ünvanına səsləndirilən ittihamları tamamilə rədd etməklə ictimai fikri özünə cəlb etməyi bacarıb. O bildirib ki, Robert Koçaryanın 2008-ci il martın 1-də keçirilən etiraz zamanı törədilən qətliama heç bir aidiyyəti yoxdur, sadəcə bəziləri bu olaydan dividentlər əldə etməyə çalışırlar. Kocaryanın oğlu “bəziləri” dedikdə o zaman “Aykakan jamanak” qəzetinin baş redaktorunu, yəni indiki baş nazir Nikol Paşinyanı nəzərdə tutduğunu da vurğulayıb.

Yeri gəlmişkən, qeyd edək ki, Robert Koçaryanın davam etməkdə olan məhkəməsinin ajiotaj doğurmasından ehtiyatlanan hakimiyyət prosesi qapalı keçirmək qərarına gəlib. Bu kimi proseslərə etiraz əlaməti olaraq İrəvan Şəhər Məhkəməsinin binası önündə Koçaryanın tərəfdarları ilə polis arasında qarşıdurma da yaranıb.

Qarabağdakı separatçı rejimin keçmiş və indiki rəhbərliyi də Nikol Paşinyanın etirazlarına baxmayaraq, Robert Koçaryanı həbsdən azad etmək cəhdlərini davam etdirirlər. Belə ki, onlar Koçaryan barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə bir milyon erməni dramı təqdim ediblər. Onların daha sonra bununla bağlı hansı addımları atacaqları bəlli deyil. Görünən odur ki, bu məhkəmə fonunda  Ermənistan və “Qarabağ klanı”nın siyasi döyüşləri gedir. Hətta onlar Dağlıq Qarabağın “prezidentliyinə” Robert Koçaryanı gətirməyə çalışırlar. Məlumat üçün bildirək ki, 2020-ci ildə separatçı rejim Dağlıq Qarabağda “prezident seçkisi” keçirmək niyyətindədir.

Hələlik məhkəmə R.Koçaryanla bağlı qərarını verməyib. Amma Nikol Paşinyan öz qərarını verib. Belə ki, o, Kocaryanın ətrafını daha da daraltmaq məqsədilə Yerevanın keçmiş meri və Ermənistanın sabiq nəqliyyat naziri Qaqik Beqlaryanı da cinayət məsuliyyətinə cəlb etmək niyyətindədir. Xüsusi istintaq xidməti Ermənistanın böyük telekanallarından biri olan II İctimai Televiziyanın sahibi Samvel Mayrapetyanı da saxlayıb.

Son günlər baş verən bütün bu olayları analiz edən Ermənistanın “Rast” qəzeti də yaxın günlərdə yeni qüvvənin ortaya çıxacağının qaçılmaz olduğunu əminliklə vurğulayıb. Bildirib ki, özü də bu partiyaya ictimaiyyət arasında məşhur olan şəxslər toplaşacaqlar. Bəzi politoloqlar  bu məsələdə Paşinyanın verdiyi vədlərin heç birini yerinə yetirə bilməməsi ucbatından Ermənistanın sosial-iqtisadi, siyasi cəhətdən ağır vəziyyətə düşərək regionda daha zəif mövqe sahibinə çevrilməsi amilinin də yetərincə rol oynadığını qeyd ediblər.

Digər tərəfdən, Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı populist çıxışları da onun normal qonşuluq münasibətləri qurmaq niyyətindən uzaq olduğunu göstərir. Bununla da Nikol Paşinyan  erməni xalqını fəlakətə sürükləməkdədir.

Yeri gəlmişkən, artıq Ermənistanda Nikol Paşinyan əleyhinə açıq çağırışlar eşidilməkdədir. Məsələn, “Yerkir Tsirani” təşkilatının lideri Zaruhi Postancıyan xalqa müraciət edərək bildirib ki, siyasi, iqtisadi böhranın aradan qaldırılması üçün sosial təbəqələrin də fəallaşmasının vaxtı çatıb. Bunu da xalqı yeni qüvvələr ətrafında birləşməyə bir dəvət kimi dəyərləndirmək olar.

17 may 2019

Qvami Məhəbbətoğlu