Dünyaya gələn körpənin sağlam böyüməsi üçün əlimizdən gələni edirik

0
69

“Son illər səhiyyə sistemində də uğurlu islahatlar həyata keçirilir.  Qətiyyətlə deyə bilərəm ki, ölkəmizin tarixinin heç bir dövründə səhiyyəmiz indiki qədər geniş ictimai maraq predmeti olmayıb”.

Bu fikirləri Quba Regional Perinatal Mərkəzinin (RPM) baş həkimi Şəhla Həsənova “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Bildirdi ki, bu marağı şərtləndirən əsas amil ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin səhiyyəyə olan xüsusi diqqət və qayğısıdır: “Faktlara müraciət edək. Son illər  ölkəmizdə 640-dan çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. 2018-ci ildə isə 9-u Bakı şəhərində, 38-i regionlarda olmaqla 47 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Respublika Narkoloji Mərkəzi, Naftalan, Quba, Qobustan rayon mərkəzi xəstəxanaları əsaslı təmir-tikinti işlərindən sonra ən müasir tibbi avadanlıqlarla təchiz edilərək əhalinin istifadəsinə verilib”.

Baş həkimin fikrincə, yeni səhiyyə ocaqlarının tikintisi və yenidən qurulması bölgələrin inkişafını şərtləndirən amillərdəndir: “Necə deyərlər, bölgələrdə yaşayan sakinlərin uzun illərdən bəri qarşılaşdıqları səhiyyə problemləri arxada qalmaq üzrədir.  Yeri gəlmişkən onu da qeyd edim ki, aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı vurğuladı ki, bu il keyfiyyət baxımından çox yüksək standartlara cavab verəcək 10-a yaxın yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə başlayacaq: “Beləliklə, Azərbaycanda bir dənə də şəhər, rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən tibb mərkəzi olmasın”. Bu isə bir daha o deməkdir ki, bu istiqamətdə böyük işlər görülüb və görülməkdə davam edəcək. Prezidentimizin fikirlərindən də görürük ki, region ictimaiyyətinin sağlamlığının qorunmasında dövlət çox maraqlıdır və buna görə də böyük tədbirlər həyata keçirir”.

Daha sonra Şəhla Həsənova rəhbərlik etdiyi Quba RPM-in fəaliyyətindən söz açdı. Baş həkim bildirdi ki, qəbul olunmuş reproduktiv sağlamlıq strategiyasına və perinatal konsepsiyaya əsasən respublikamızda 7 Perinatal Mərkəz yaradılıb ki, onlardan biri də 2010-cu ildə fəaliyyətə başlayan Quba Regional Perinatal Mərkəzidir: “Bu, III səviyyəli doğuşa yardım müəssisəsi şimalda yerləşən 5 rayona  xidmət edir. Ötən il Quba RPM-də 3000-dən artıq uşaq dünyaya gəlib. Cari ildə isə 615-ə yaxın körpə doğulub ki, bunlardan 544-ü normal, 67-si isə vaxtından əvvəl dünyaya gəlib. Dünya üzrə bir çox ölkələrdə erkən doğum 5-18 faiz olduğu halda, Azərbaycanda bu göstərici 10 faizdir. Rayonumuzda isə ötən il vaxtından əvvəl doğuş 4 faiz təşkil edib. Onu da qeyd edim ki, bir neçə il əvvəl Qubada uşaq ölümü 22 % 0 (promilli) idi. Lakin son illər bu rəqəm nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Belə ki, ölkə üzrə erkən uşaq ölümü 11,2 faiz təşkil edirdisə, rayonumuzda bu göstərici 6,2 faizdir. Bu da ölkəmizdə ən aşağı göstərici hesab olunur.

Şübhəsiz, bu nailiyyətlər savadlı mütəxəssislərimizin, eləcə də müasir tələblərə cavab verən innovasiyalarla təchiz edilən səhiyyə ocaqlarımızda yaradılmış əlverişli şərait və imkanlar hesabına əldə olunub. Bir sözlə, insan sağlamlığını şərtləndirən amillər arasında, ən vacibi sağlam həyat tərzidir. Biz həkimlər də dünyaya gələn hər bir körpənin sağlam böyüməsi üçün əlimizdən gələni edirik. Dövlət başçısının göstərişi ilə aparılan islahatlar, həyata keçirilən layihələrdən əldə edilən nəticələr bunu deməyə imkan verir ki, ölkəmizdə səhiyyə yeni mərhələyə qədəm qoyub”.

Qvami Məhəbbətoğlu, “İki sahil”