Gəncə Dövlət Dram Teatrı Ukraynada festivaldadır

0
118

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi 17-25 may 2019-cu il tarixlərində Ukraynanın Xerson şəhərində keçirilən “XXI Melpomena Tavrii” Beynəlxalq Teatr Festivalında iştirak edir. Teatr bu festivala İradə Gözəlovanın quruluşunda gürcü dramaturqu Nodar Dumbadzenin “Hellodos” pyesi ilə qatılıb. Nümayəndə heyətinə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov rəhbərlik edir.

Bu barədə alpaninfo.com-a Gəncə Dövlət Dram Teatrının ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib. Onun sözlərinə görə, sinxron tərcümə ilə nümayiş olunan bu tamaşa Ukraynanın Xersonda  alqışlarla qarşılanıb. Onun sözlərinə görə, tamaşaçılar arasında Ukraynanın Xerson şəhərində fəaliyyət göstərən Azərbaycan Diasporasının sədri Əli Kərimov da olub.

Anar Burcəliyev, həmçinin bildirib ki, yaradıcı kollektiv 23 may 2019-cu il tarixində Ukraynanın Kamenskoe şəhərində “Klassiklər bu gün” adlı Beynəlxalq Teatr Festivalında da bu tamaşa ilə iştirak edəcək. Tamaşada əsas rolları xalq artistləri Pərvanə Qurbanova, Alim Məmmədov, əməkdar artist Sevda Orucova, gənc aktyorlar Murad Meyfəliyev, Ruslan Hüseynov və Məhəmməd Cəfərov ifa edirlər.

Esmira Hidayətova