Qəşəm İsabəyli Andersen Fəxri Diplomuna layiq görülüb

0
Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurası ( İBBY ) 2014-cü ilin Andersen Fəxri Diplomuna layiq görülən yazarların adlarını elan edib. Dünyanın müxtəlif ölkələrinin 57 yazıçısının siyahısında, sevindirici haldır ki, Azərbaycanın uşaq yazıçısı Qəşəm İsabəylinin də adı vardır.
 Andersen Fəxri Diplomu son iki ildə dünya uşaq yazıçılarının müasir ədəbi mühiti özündə əks etdirən ən yaxşı əsərlərinin seçimi deməkdir. Bu əsərlər dünya dillərinə tərcümə və çap üçün tövsiyə olunur. Q.İsabəyli Azərbaycanın ilk uşaq yazıçısıdır ki, “Cin” nağıl-povesti ilə Andersen Şərəf siyahısına düşüb. İndiyəcən “Cin” əsəri 3 dəfə nəşr edilib. İlk nəşri 60 min nüsxə Azərbaycan türkcəsində, 20 min nüsxə ingiliscə nəşr edilən bu kitab oxucular arasında geniş yayılıb.

2012-ci ildə isə Q.İsabəylinin Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının “Bookbird” jurnalında (London, 2012) “Baba, sabahın xeyir!” hekayəsi ingiliscə çap edilmişdir. Bu əsərin dəyərini İngilis redaktoru olduqca sərrast ifadə etmişdir: “Sizin hekayəniz son dərəcə gözəldir!”. Bu da Azərbaycan uşaq ədəbiyyatında bir ilk kimi dəyərlidir. Q.İsabəylinin əsərləri rus, ingilis, ukrayna, belarus, qırğız dillərində də çap edilmişdir. Sovet dövründə “Murzilka” (Moskva, 1982) jurnalında onun iki qoşa səhifə şeirləri verilmişdir. Bakıda rusca “Uuu…”, “Osel sın Osla”, “Mı starıe kafkaztsı”, “Aclıq dərsi” (həmçinin ingiliscə) işıq üzü görübdür.

“Bədii forma və məzmun axtarışları və orijinal üslubu ilə seçilən, Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs gətirən, rəngarəng yaradıcılığa malik olan Q.İsabəyli (Z. Xəlil, F. Əsgərli “Uşaq ədəbiyyatı. Dərslik”, Bakı-2007) bu uğura çatana kimi son dərəcə keşməkeşli yol keçmişdir. Onun uşaq ədəbiyyatına gətirdiyi yenilikləri isə yazıçı və tənqidçilər vaxtında görüb, təqdir etmişdir. Görkəmli şair Məmməd İsmayıl yazırdı: “Adı da, özü də “balaca” olan bu kitabda (“Balaca, bapbalaca”, Bakı-1982) uşaqların “barmaqlarını yalaya-yalaya” oxuyacağı çox şeirlərlə rastlaşdım”. (“Ədəbiyyat və incəsənət” qəzeti, 11 fevral 1983). Və ya: “Əkil-Bəkil” poemasının dili həqiqətən də şəhd-şəkərlidir. Bəlkə də elə nağıllarımızdakı Əkil-Bəkil müəllifə sehrli söz çırağının yerini göstərib, ona görə yazı bu qədər oxunaqlı çıxıb”.  (“Əkil-Bəkil. Ön söz, Bakı-1990).

see url

Orijinal yaradıcılığı ilə seçilən Qəşəm İsabəylinin dünya uşaq ədəbiyyatının münsifi sayılan Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının Fəxri Andersen Diplomuna layiq görülməsi olduqca qanunauyğundur. Buna qədər isə o, 1989-cu ildə “Əkil-Bəkil” poemasıyla “İlin ən yaxşı uşaq kitabı” mükafatına layiq görülmüşdür. Şair aldığı pul mükafatını Şəhidlərin abidəsinə yardım fonduna keçirtmişdir.

source Şəfəq Nasir,

yazıçı-jurnalist

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here