Teymur Hacıyev: “Narkomaniyaya qarşı cəmiyyət də mübarizə aparmalıdır”

0
254

Mingəçevir şəhər 7 saylı  tam orta məktəbdə  yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə  Mingəçevir şəhər polis şöbəsinin təşəbbüsü  ilə “Narkomaniyaya yox deyək”   mövzusunda maarifləndirici  tədbir keçirilb. Tədbirdə şəhər polis şöbəsinin rəisi, polis polkovniki Teymur Hacıyev, İctimai Təhlükəsizlik bölməsinin əməkdaşı polis mayoru  Rəşad Məmmədov, Narkomübarizə qurupunun qurup rəhbəri, polis mayoru Emir Cavadov, Narkologiya dispanserinin baş həkimi Nürəddin Ələkbərov, məktəbin şagirdləri və müəllimləri iştirak ediblər.

Əvvəlcə məktəbin direktoru Anar İsmayılov məlumat verərək bildirib ki, gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir. Direktor ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.

Daha sonra Mingəçevir şəhər polis şöbəsinin rəisi, polis polkovniki Teymur Hacıyev şagirdlərə narkomaniyanın fəsadları barədə geniş məlumat verib. Bildirib ki, narkomaniya insanın mənəviyyatını məhv edir, insanı canlı ölüyə çevirir: ”Bu  gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir. Narkomaniya ilə mübarizəni təkcə polis yox, bütün cəmiyyət mübarizə aparmalıdır. Biz də öz növbəmizdə gecə -gündüz durmadan bu bəlaya qarşı mübarizə aparırıq. Apardığımız əməliyyat tədbirləri nəticəsində  bu yaxınlarda 5 kq yaxın narkotiki dövriyyədən çıxarmışıq. Siz gənclər öz ətrafınızıda olan dostlarınızı da  bu kimi tədbirlərlə maarifləndirməli, sabaha sağlam gənclər kimi yetişməlisiniz”.

Digər çıxış edən tədbir iştirakçıları narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Onlar bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyini vurğulayıblar.

Esmira Hidayətova, Mingəçevir