“Qalatasaray” 18-ci dəfə Türkiyə kubokunun qalibi olub

0
11

Mayın 15-də futbol üzrə Türkiyə kubokunun 2018/19 mövsümünə yekun vurulub. Turnirin final oyunu Sivas şəhərində keçirilib.

Həlledici qarşılaşmada kubokun 17 qat qalibi “Qalatasaray”la ötən mövsüm mükafatı başı üzərinə qaldıran “Akhisar” üz-üzə gəlib. Super Liqanın fərqli qütblərində qərarlaşan komandaların oyunu gərgin mübarizə şəraitində keçib.

Qarşılaşmanın 57-ci dəqiqəsində “Akhisar Bələdiyyəspor”un heyətində Elvin Manu hesabı açıb – 1:0. İstanbul klubu buraxılan qoldan 9 dəqiqə sonra penalti imkanı qazansa da, şansdan yararlanmayıb. Lakin görüşün 78-ci dəqiqəsində “Akhisar Bələdiyyəspor”un futbolçusu Migel Lopesin qırmızı vərəqə ilə cəzalandırılması və qapısına 11 metrlik cərimə zərbəsinin təyin olunması oyunun taleyini həll edib. Zərbəni dəqiq yerinə yetirən Sinan Gümüş görüşdə tarazlığı bərpa edib – 1:1. “Qalatasaray” komandası oyunun sonunda Sofian Fequlinin (88) və Mbaye Diaqnenin (94) qolları sayəsində matçda qalib gəlməyi bacarıb. Beləliklə, oyunda 3:1 hesabı ilə qələbə qazanan “Qalatasaray” Türkiyə kuboku uğrunda 57-ci turnirin qalibi olub. Türkiyə kubokunda 23 dəfə finalda oynayan “Qalatasaray” futbolçuları 18 dəfə baş mükafatı başları üzərinə qaldırıblar. İstanbul təmsilçisi bu göstərici üzrə ölkə klubları arasında liderdir.