Tanınmış hakim: “İddialar qərəzdən başqa bir şey deyil”

0
57

“Bu günədək ölkəmiz bir sıra mədəni, siyasi tədbirlərə, eləcə də müxtəlif idman yarışlarına ev sahibliyi edib. Həmin tədbirlərin hər birinin təhlükəsizliyi yüksək şəkildə təmin olunub, hər şey yüksək peşəkarlıq səviyyəsində baş tutub. Şübhəsiz, UEFA Avropa Liqasının may ayının 29-da Bakının möhtəşəm Olimpiya Stadionunda keçirəcək final oyunu da bir tarixi hadisə kimi yaddaşlara həkk olacaq. Bununla da Bakı belə tədbirlərin təşkilində nələrə qadir olduğunu bird aha dünyaya bəyan edəcək”. Bu fikirləri Əməkdar bədən tərbiyəsi və idman xadimi, tanınmış hakim Rüstəm Rəhimov saytımıza açıqlamasında söylədi.

Bildirdi ki, amma bütün bunları həzm edə bilməyən, daha doğrusu, erməni diasporu və onların havadarları öz adətlərinə uyğun olaraq, bu idman hadisəsi fonunda ölkəmizə qarşı məkrli kampaniya aparırlar: “Onlar beynəlxalq ictimaiyyətdə belə rəy formalaşdırmağa çalışırlar ki, UEFA Avropa Liqasının finalı kimi mühüm idman tədbirinin Bakıda keçirilməsi düzgün deyilmiş. Bunu da onunla əsaslandırmağa çalışırlar ki, guya Azərbaycanda insan haqları və s. sahələrdə problemlər yaşanır. Üstəlik, iddia edirlər ki, guya viza rejimi problemlər yaradır, uçuş biletlərinin, eləcə də otellərin qiymətləri bahadır. Halbuki ölkəmizdə hər bir xarici vətəndaşın çox asan şəkildə viza almasına şərait yaradılıb. Hazırda AZAL-ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır. Bu sözləri elə otellərimiz haqqında da demək olar. Ümumiyyətlə, ölkəmiz son illər daha çox uğurlar imza atıb ki, həmin uğurların da təməlində siyasi sabitlik dayanır”.

R. Rəhimov, həmçinin qeyd etdi ki, “Arsenal” klubunun oyunçusu erməni əsilli Genrix Mxitaryanın məsələsi də çox şişirdilir: “Halbuki G. Mxitaryanın komandasının tərkibində ölkəmizə gəlməsində heç bir problem yoxdur və ən yüksək təhlükəsizlik zəmanəti verilib. Yeri gəlmişkən, onu da deyim ki, əvvəllər də erməni idmançılar ölkəmizə gəliblər və heç bir insident, xoşagəlməz hal qeydə alınmayıb. Hətta Birinci Avropa Oyunlarında fəxri kürsüdə yer alan ermənistanlı idmançıya mükafatı  dövlətimizin başçısı İlham Əliyev təqdim edib”.

Müsahibimiz bildirdi ki, irəli sürülən bu və digər iddiaları dərindən analiz edəndə bir daha belə qənaətə gəlmək olur ki, ayrı-ayrı dairələrin səsləndirdkləri fikirlər qərəzdən başqa bir şey deyil: “Azərbaycanda beynəlxalq yarış və tədbirlərin yüksək səviyyədə keçirilməsi, həmin tədbirlərin bütün dünyada müsbət əks-səda doğurması ermənipərəst dairələri yaman narahat edir. Odur ki, onlar Avropa Liqasının final oyunu ərəfəsində də bu cür kampaniyalarla ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi güdürlər. Bir də belə addımlar ilk dəfə deyil ki, ölkəmizə qarşı atılır. Yəni biz  müəyyən anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olmuşuq. Əminəm ki, bu dəfə də həmin dairələr məqsədlərinə çata bilməyəcəklər, necə deyərlər niyyətləri gözlərində qalacaq”.

Futbol həvəskarları təkcə oyunun özündən deyil, həm də gözəl Bakımızdan zövq alacaqlarını əminlikli vurğulayan tanınmış idmançı daha sonra bildirdi ki, bu günlərdə UEFA-nın rəsmi saytı respublikamız, eləcə də paytaxtımızla bağlı diqqətçəkən bir yazı ilə çıxış edib: “Həmin məqalədə Bakı dünyanın ən təhlükəsiz və gözəl şəhərlərindən biri olduğu xüsusi vurğulanıb. Daha sonra Azərbaycan paytaxtında 17 yaşlı gənclər, eləcə də qızlar arasında futbol üzrə Dünya Çempionatının keçirildiyi qeyd olunub. Həmçinin bildirilib ki, 2020-ci ildə Avropa Çempionatının final mərhələsinin bir neçə oyunu da burada keçiriləcək”.

R. Rəhimov “Liverpul”un məşqçisi Yurgen Kloppun  Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı xoşagəlməz bəyanatına da münasibət bildirdi: “Almaniyalı mütəxəssisin dedikləri məni mütəəssir etdi. Görünür, onu da ələ almağı bacarıblar. Amma ümid edirəm final oyunundan sonra Yurgen Klopp dediklərini korrektə edəcək”.

Qvami Məhəbbətoğlu