Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçiriləcək

0
23

Mayın 15-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, dramaturq, tərcüməçi Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçiriləcək.

Qeyd edək ki, Yusif Həsənbəy vətənimizi, onun gözəlliklərini tərənnüm edən bəstələrin şeir müəllifidir. O, demək olar ki, ən müqtədir bəstəkarlarımızla çalışıb. Tədbir çərçivəsində tanınmış və sevilən xanəndələr tərəfindən müəllifin şeirlərinə bəstələnmiş mahnılar təqdim olunacaq. Həmçinin qiraət ustalarının ifasında şairin şeirlərindən nümunələr səslənəcək.

Müəllifin iştirakı ilə reallaşacaq tədbirdə Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Eldost Bayram, Əməkdar artist Gülüstan Əliyeva və gənc xanəndələr çıxış edəcəklər. İfaçıları AzTV-nin Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edəcək. Gecənin aparıcısı filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlıdır.