Qarabağ qazisi: Vətənə xidmətdən qürur duyuram

0
65

Sərxan Sənani oğlu Məmmədov 1991-ci il aprel ayının 4-də Bərdə rayonunun Otuzikilər kəndində anadan olub. Naxçıvanda hərbi xidmətini başa vurduqdan sonra sənədlərini Azərbaycan Silahlı Qüvvələri Təlim-Tədris Mərkəzinin gizir hazırlığı kursuna verib. Bundan sonra Azərbaycan Ordusunda hərbi xidmətini davam etdirib. 2011-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunu uğurla bitirib. Türkiyədə bir neçə dəfə təlimlərdə iştirak edib. Dəfələrlə hərbi əməliyyatlarda fərqlənib.

Bu günlərdə Aprel döyüşlərinin iştirakçısı II qrup Qarabağ əlili, ehtyatda olan gizir Sərxan Məmmədovla görüşüb ona bir neçə sualla müraciət etdik.

– Aprel döyüşləri yaddaşınıza necə həkk olunub?

– Düşmən cəbhə bölgəsində təxribatlar törətməkdə davam edirdi. Odur ki, komandanlıq adekvat cavab vermək əmrini verdi. Biz də bu əmri Azərbaycan hərbçisinə layiq şəkildə yerinə yetirdik.

– Bəlkə, özünüzlə bağlı bir epizoddan söz açasınız?

– Döyüş tapşırığı aldıqdan sonra Tapqaraqoyunlu istiqamətinə gəldik. Komandanlıqdan əmr gəldi ki, az vaxt ərzində Talış kəndini götürməliyik. Kəndi mühasirəyə aldıq. Bizim qruplardan biri düşmən pusqusuna düşdü, onlara köməyə getdik və düşmən qrupunu məhv etdik. Bundan sonra hər kəs öz mövqeyinə çəkildi. 

Talış kəndinin içi ilə postlara silah-sursat aparan “Kamaz” markalı yük avtomobilini mövqe tutaraq pusquya saldıq və sürücünü vurduq. Bir zabit maşından düşüb qaçmağa cəhd etdi. Ona rusca mənə tərəf gəlməsini bildirdim. Amma o, gəlmək istəmədi. Əlimlə də işarə etdim, yenə gəlmədi. Mənim ona yaxınlaşmağım isə təhlükəli idi. Çünki tutduğum mövqeyin qarşısında dərə var idi, ora enib, yuxarıya qalxmaq olmazdı. Ona görə də nişan alıb, onu böyründən güllə ilə vurdum. Bir yoldaşımla birgə ermənini tərksilah etmək istədik. Yanına çatmağa az qalmış o, tapançasını çıxarıb yoldaşıma tuşladı. Mən də cəld irəli atılaraq ona yenidən atəş açdım. Sonradan öyrəndim ki, öldürdüyüm zabit raket artilleriya rəisi, mayor Hayk Toroyan imiş. Erməni mətbuatından onu da öyrəndim ki, buna görə Ermənistanda məni terrorcu kimi qələmə veriblər. Üstəlik, barəmdə cinayət işi də açıblar.

– Aprel döyüşlərində şəhid olmuş silahdaşlarınızı yəqin ki, tez-tez xatırlayırsınız.

– Heç yadımdan çıxırlar ki…  Onların hər biri bir cəngavər idi. Amma onlardan biri haqqında bir qədər ətraflı söz açmaq istəyirəm. Şəhidlərimizdən birinin nəşini tapa bilmirdik. Səhv etmirəmsə, aprelin 7-də təxminən 7 nəfərlə (onların 2-si istehkamçı idi) neytral sahələrdə axtarışa  başladıq. Onu da deyim ki, minalanmış sahələrdə istehkamçı olmadan keçmək mümkün deyildi. Nə isə… Respublika Qırmızı Xaç Komitəsinin təlimatına əsasən ağ bayraqla neytral sahədən də bir qədər irəli getdik. Bir qədər axtarışdan sonra kapitan Əliağa Zeynalov (hazırda o, ehtiyatdadır) dedi ki, ürəyimə damıb ki, bu yaxında kimsə var, bunu hiss edirəm. Bir az da aşağı, erməni səngərinə tərəf düşdük. Bu zaman  istehkamçı Ceyhun Alcanov dedi ki, ağacın altında kimsə var. Baxdıq ki, Məhəbbət Mirzəyevdir, ağacın altında əllərini sinəsində çarpazlayıb oturub, özü də erməni səngərinə tərəf baxır. Yaxınlaşıb gördük ki, baldırından yaralanıb, yarasını da kəndirlə bağlayıb. Başından dəyən mərmi qəlpəsi dodağını da aparmışdı. Sursatı qurtarandan sonra onu vurmuşdular. Çünki yanında bir dənə də olsun gülləsi qalmamışdı. Onu xərəyə qoyub, dərhal ərazidən uzaqlaşdıq.

– Ümumiyyətlə, Aprel döyüşlərini necə xarakterizə edərdiniz?

– Bu, bizim qürur tariximizdir. Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda hər an döyüşlərə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir! Gələcək nəsillərimizə örnək olsun deyə Aprel döyüşləri ilə bağlı sosial şəbəkələrdə tez-tez paylaşımlar da edirəm. Yeri gəlmişkən, tanınmış jurnalist Aida Eyvazlı “Qalibiyyət – şahidlər və şəhidlər” kitabında Aprel döyüşçülərindən ətraflı söz açıb.  Kitabda Aprel döyüşlərinin xalqımıza yaşatdığı qürur, zəfər ovqatı ilə yanaşı, itkilərdən doğan hüznümüz də eyni dərəcədə təsirli dillə ifadə olunub.

– Ordumuzun imkanlarını necə dəyərləndirərdiniz?

– Mən bütövlükdə Ermənistan ordusunu, eləcə də işğalçı ölkənin əsgər və zabitlərini öz ordumuzla, öz əsgər və zabitlərimizlə müqayisə etmək istəməzdim. Onlar xırda həşəratdırlar. Çox əməliyyatlarda iştirak edən şəxs kimi deyə bilərəm ki, onlar həmişə meydandan qaçıblar. Yeri gəlmişkən, apreldə ordumuzun imkanlarının heç 10 faizindən istifadə olunmadı, yəni biz az qüvvə ilə uğur əldə etdik.

– Vətən qarşısındakı xidmətləriniz yetərincə qiymətləndirilibmi?

– Aprel döyüşlərində göstərdiyim şücaətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişəm. Bu öz yerində. Amma mən hansısa qayğıya, diqqətə, yaxud mükafata görə döyüşlərdə iştirak etməmişəm və heç nə də ummuram. Sadəcə Vətənə olan borcumu yerinə yetirmişəm. Bununla da qürur duyuram. Bir də fəxr edirəm ki, Aprel döyüşlərindən öncə Talış kəndi istiqamətində sözün həqiqi mənasında axırına çıxdığımız, yəni 16 ermənini cəhənnəmə vasil etdiyimiz erməni postuna indi bizim ordumuz nəzarət edir.

– Bəs yaralanmağınız necə olub?

– Başımda kaska olmasına baxmayaraq, mən aprelin 3-də minamyot dalğasına tuş gəldim. Hazırda bununla bağlı müalicəmi davam etdirirəm.

– Aprel ayının 4-də dünyaya göz açmısınız…

– Doğum günümü üç dəfə işğal altında olan torpaqlarımızda keçirmişəm. Yəni əməliyyatlarda olmuşam, təmtəraqlı ad günü təşkil etməmişəm.  Nə vaxt torpaqlarımızı işğaldan azad edərik onda doğum günümü qeyd edəcəyəm.

– Hərbçi olmaq arzunuz idi?

– Hərbiyə çox böyük marağım olub. Lakin əkin-biçinlə məşğul olan atam, evdar qadın olan anam Xuraman xanım bu istəyimə qarşı çıxdılar. Çünki ailənin kiçik övladı olduğuma görə onlar məni öz yanlarında görmək istəyirdilər. Odur ki, valideynlərim Çəmşid Naxçıvanski adına Hərbi Liseyə, ondan sonra da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə sənəd təqdim etməyimə imkan vermədilər. Amma həqiqi hərbi xidmətə yollananda onlara dedim ki, mən mütləq əsl hərbçi olacağam. Beləcə, öz uşaqlıq arzumu reallaşdırdım. Valideynlərim də mənə sonradan öz xeyir-dualarını verdilər.

– Asudə vaxtlarınızda nə işlə məşğul olursunuz?

– Adətən bir çoxları bu suala kitab oxuyuram cavabını verirlər. Amma nə gizlədim, kitab oxumaq, əgər belə demək mümkünsə, mənlik deyil. Sadəcə, ova getməyi, balıq tutmağı sevirəm. Bir də idmanla məşğul oluram. Bu da mənə öz hərbi formamı saxlamağa kömək edir. Doğrudur, həkimlər mənə bunu məsləhət görmürlər. Amma fikrimcə, müharibə şəratitində yaşayan ölkənin ehtiyatda olan əsgər və zabitləri həmişə formada olmalıdırlar. Bu mənada mən yenə formadayam. İnandırım sizi, əgər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev döyüş əmri versə, həmin an mən cəbhəyə yollanmağa hazıram. Onu da deyim ki, “veşmeşok”um da evimin qapısının kandarındadır.

– Bəlkə ailəniz barədə də bir neçə kəlmə söyləyəsiniz?

– 2017-ci ildən ailəliyəm. Bir qızım var. Hələ 2 yaşı tamam olmayıb.  İnşallah, bu günlərldə bir oğlum da dünyaya gələcək. Çox istərdim ki, oğlum da mənim kimi hərbçi olsun. Çünki hərbçi şərəfli peşədir.

Qvami Məhəbbətoğlu, “İki sahil”