“Türkiyədən əsən meh” təqdim ediləcək

0
34

Mayın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyədən əsən meh” adlı sərgi açılacaq. Sərgi Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü və “Türk Hava Yolları”nın dəstəyi ilə reallaşacaq.

Müasir türk mədəni irsini Azərbaycanda tanıtmaq məqsədilə keçirilən sərgidə Rauf Tuncer, Hüseyn Elmas, Erkin Keskin kimi peşəkar türk rəssamlarının əsərləri təqdim olunacaq. Bu sərgi son illər ərzində öz mövzusu və peşəkarlığı baxımından Azərbaycanda təşkil edilən ən maraqlı sərgilərdən biri sayıla bilər. Türkiyənin – Bursa, Konya və İstanbul kimi qədim mədəniyyət, sənət ocaqlarında rəssam kimi formalaşan, yaşayan bu yaradıcı şəxslərin hər birinin fərdi duyumu, tablolarında canlandırdıqları həyata baxışları var.

Ölkə hüdudlarından kənarda çoxsaylı sərgilərdə iştirak etmiş akademik rəssamlar Rauf Tuncer, Hüseyn Elmas və Erkin Keskinin müxtəlif texnika və janrlarda işlənmiş 50-dən artıq əsəri tamaşaçılara təqdim ediləcək.