Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

0
123

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılacaq. İmtahanların idarə olunmasına 235 imtahan rəhbəri və 2562 nəzarətçi-müəllim cəlb ediləcək.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və üç saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə I qrupda riyaziyyat, fizika və kimya fənləri, IV qrupda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir. Hər fənn üzrə 30 test tapşırığının 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

İmtahanda 32 min 173 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 27225 abituriyent I qrup, 4948 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 29 min 348-i Azərbaycan bölməsinin (I qrup üzrə 24949, IV qrup üzrə 4399 nəfər), 2 min 825-i isə rus bölməsinin (I qrup üzrə 2276, IV qrup üzrə 549 nəfər) məzunudur. Abituriyentlərin 19 min 438-i oğlan (I qrup üzrə 18065 nəfər, IV qrup üzrə 1373 nəfər), 12 min 735-i isə qızdır (I qrup üzrə 9160 nəfər, IV qrup üzrə 3575 nəfər). 28 min 288 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3320 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 48 nəfər ali təhsil müəssisələrinin, 517 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 164 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cı il, ən gənci isə 2004-cü il təvəllüdlüdür.

Bakı şəhərində 14195, Naxçıvanda 721, Gəncədə 3557, Sumqayıtda 2080, Mingəçevirdə 1603, Şəkidə 2177, Bərdədə 1167, Göyçayda 1534, Şirvanda 1655, Lənkəranda 1989, Xaçmazda isə 1495 abituriyentin imtahan verəcəyi gözlənilir.