“Böyük Qələbə bayramını bir gün Qarabağda qeyd edəcəyik”

0
64

Tarixin ən dağıdıcı müharibəsi kimi tanınan İkinci Dünya müharibəsinin başa çatmasından 74 il ötür.  İkinci Dünya müharibəsi illəri XX əsrin   ən ağır və dəhşətli günləri kimi tarixə yazılıb.

Müharibəni bütün dəhşətləri ilə yaşayan veteran Hacı Tahirov həm arxa, həm də ön cəbhədə tibb işçisi kimi fəaliyyət göstərib: “1938-ci ildə Tibb Texnikumunu bitirdim. 3 il işlədikdən sonra Böyük Vətən müharibəsi başladı. 1942-ci ildə minlərlə azərbaycanlı kimi mən də  cəbhəyə getdim. Rostov şəhərinin yaxınlığındakı Batayski şəhərində xidmət edirdim. Sonra bizi Şaxt şəhərinə apardılar. Müharibədə həm arxa, həm də ön cəbhədə olmuşam. Vəzifəm döyüşlərdə yaralanan əsgərlərimizə ilkin tibbi müdaxilə etmək, yaralarını sağaltmaq, onları yaşatmaq idi. Hələ də yadımdadır o dəhşətli səhnələr. Hərdən elə olurdu ki, yaralıları heç tanımaq mümkün olmurdu. Hər gün onlarla əsgər ölürdü. Ancaq Azərbaycan oğulları o qədər mərd, o qədər şücaətli idilər ki, heç bir vaxt döyüşdən qorxmur, daim müharibənin ən qızğın getdiyi yerlərdə olmağa çalışırdılar. Bizim oğullarımız əsl qəhrəmanlıq nümunələri göstərir, öz boyunlarına düşən vəzifələrini layiqincə yerinə yetirirdilər. O vaxt Sovet ordusunda ciddi qanun-qayda var idi. Hər kəs konkret olaraq öz vəzifəsini görməli idi.”

Döyüşlərə könüllü gedənlər də, məcbur gedənlər də var idi,- deyən H.Tahirov müharibə illərində Azərbaycanda təkcə kişilərin deyil, qadınların, yaşlıların, gənclərin də eyni zamanda əllərindən gələni etdiklərini vurğuladı: “Biz bir yumruq kimi birləşmişdik. Azərbaycan SSRİ tərkibində qələbədə ən böyük payı olan ölkədir. Təkcə Bakı neftinin əvəzsizliyini qeyd etmək kifayətdir. Döyüşlərdə canla-başla iştirakımız isə bizi fərqləndirən cəhətlərdən idi. 1945-ci ildə 9  Mayda qələbə qazandıq. Böyük itkilər verərək müharibədən çıxdıq. Mən isə təhsilimi davam etdirmək fikrində idim. Bu səbəbdən də 1946-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olaraq bu sahədə irəliləmək qərarına gəldim. 1952-ci ildə məzun oldum. Bir çox yerlərdə, vəzifələrdə çalışdım. Mən çalışdığım zaman heç vaxt illər sonranı fikirləşmirdim. Düşünmürdüm ki, illər sonra müharibədə iştirakıma görə mənə nəsə verərlər. Fikirləşirdim  ki, müharibədə iştirak etmək bizim borcumuz idi və borcumuzu ödədik.”

Naxçıvan Muxtar Respublikasında 30 il səhiyyə nazirinin müavini, 2 il isə səhiyyə naziri vəzifələrində çalışdığını söyləyən həmsöhbətim, müharibənin canlı şahidi olan H. Tahirov 98 yaşı olmasına baxmayaraq  çalışdığı dönəmləri qürurla xatırladığını dilə gətirdi: “Bu gün artıq biz müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Üstündən artıq 74 il keçməsinə baxmayaraq hələ də dövlətimizin biz veteranlara göstərdiyi diqqət və qayğı həmişə məni məmnun etməklə yanaşı, həm də qürurlandırır. Çünki bizə dəyər verilir. Cənab Prezidentimiz hər zaman bizə xüsusi diqqət göstərir, müxtəlif yardımlar göstərilməsi barədə ayrı-ayrı qurumlara göstərişlər verir. Bütün bunlar özümüzü daha çox dəyərli hiss etdirir bizə. Hər bir azərbaycanlı kimi, mən də ümid edirəm ki, biz ən böyük Qələbə bayramını  bir gün mütləq Qarabağda qeyd edəcəyik.”

Nilufər Mustafaqızı