Baba Əliyev: “Sıralarımızın getdikcə seyrəkləşməsi məni çox kədərləndirir”

0
71

Mingəçevirdə 800 nəfər Böyük Vətən müharibəsi veteranı olub. Bu gün onlardan yalnız 2 nəfəri həyatdadır. Onlardan biri 98 yaşlı Baba Əliyev, o biri isə Milan Yusifovdur. Bu günlərdə qocaman veteranla – Baba Əliyevlə əlaqə saxlayıb ona bir neçə sualla müraciət etdik.

Müsahibimiz bildirdi ki, İkinci Dünya müharibəsi bəşər tarixinin ən qanlı savaşlarından biri kimi tarixə düşüb: “Bu müharibə milyonlarla insanın həyatına son qoyub. Azərbaycan o zaman SSRİ-nin tərkibində bu müharibənin iştirakçısı olub. Sovet İttifaqının müharibədə qazandığı qələbədə xalqımızın, respublikamızın payı böyükdür. Belə ki, Azərbaycan həmin dövrdə ordunu neftlə təmin edib. Xalqımız 700 min oğul və qızını cəbhəyə yola salıb ki, onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib”.

1942-ci ilin yayında 223-cü milli atıcı diviziyanın tərkibində savaşlara  atıldığını deyən Baba Əliyev  o zaman ən ağır döyüşlərin Şimali Qafqazda getdiyini dedi: “1942-ci il dekabrın 8-də bütün Şimali Qafqaz cəbhəsi boyu əks-hücuma başladıq və düşmənin müqavimətini qırdıq. Daha sonra Azərbaycan milli diviziyaları Moldovanı, Rumıniyanı azad edib, Yuqoslaviyaya daxil oldular. Qələbəni Belqrad şəhərində qeyd elədik”.

Baba Əliyev hazırda erməni işğalı altında olan ərazilərimizin azad ediləcəyi günü səbirsizliklə gözlədiyini dedi: “Mən Prezidentimizin, Ali Baş Komandanımızın işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində həyata keçirdiyi siyasəti dəstəkləyirəm. Güman edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında öz həllini tapacaq. Digər tərəfdən, Azərbaycan aprel döyüşləri ilə heç vaxt işğalla barışmayacağını bir daha dünyaya göstərib. Bu mənada inanıram ki,  qələbə tezliklə bizimlə olacaq”.

Baba Əliyev, həmçinin bu gün veteranlara göstərilən qayğıdan da söz açdı: “Ölkəmizdə Böyük Vətən müharibəsi iştirakçılarına daim diqqət və qayğı göstərilib. Həmin ənənə bu gün də davam etdirilir. Elə bu günlərdə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 1000 manat məbləğində birdəfəlik maddi yardım da ödənilib. Prezidentin bu Sərəncamı bir daha göstərir ki, bütün təbəqələrdən olan vətəndaşlarımızın sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması dövlətimizin daim diqqətindədir”.

Baba Əliyevin fikrincə, ölkəmizin  iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi üçün şərait yaradıb: “Hərbi sahədə həyata keçirilən islahatlar, müasir hərbi infrastruktur, eləcə də hərbi kadr potensialının yüksəldilməsi sahəsində görülən işlər də göz önündədir”.

Həmsöhbətimiz sonda dedi ki,  Böyük Vətən müharibəsi veteranlarının sıralarının getdikcə seyrəkləşməsi onu çox kədərləndirir: “Artıq cəbhə yoldaşlarımı itirmişəm. İndi o illəri xatırlamağa adam tapmağa çətinlik çəkirəm”.

Qeyd edək ki, bu günlərdə Mingəcevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri Baba müəllimi ziyarət edərkən ona cansağlığı arzulamaqla yanaşı, Böyük Vətən müharibəsi veteranının 100 illiyinin şəhər səviyyəsində təntənəli şəkildə qeyd olunacağını da bildiriblər.

Məlumat üçün bildirək ki, Baba Əliyev 1921-ci ildə Ağdaş rayonunda anadan olub. Zaqatala Pedaqoji Texnikumunu bitirdikdən sonra Qəbələ rayonunun Qum kəndində müəllim kimi fəaliyyət göstərib. 21 yaşında ikən  silaha sarılıb. İlk günlərdən xidmətdə fərqlənən Baba Əliyev  “Za otvaqu” (“Şücaətə görə”) medalı ilə təltif edilib. Bundan sonra savad və bacarığına görə komsomol təşkilatının katibi seçilib, həm döyüşlərdə iştirak edib, həm də təbliğatla məşğul olub. Elə bu səbəbdən də  o, müharibə vaxtı adi əsgərlərin bilmədiyi bir çox məlumatlardan xəbərdar olub.

Baba Əliyev müharibədən qayıtdıqdan sonra Mingəçevir şəhərinin quruculuğunda iştirak edib. 

Qvami Məhəbbətoğlu