Xəzəri çirkləndirən müəssisələrin fəaliyyətinin dayandırılması ilə bağlı vəsadət qaldırılacaq

0
37

Xəzər dənizinin şirkət, müəssisə, təşkilat və obyektlər tərəfindən çirkləndirilməsi davam edərsə, onların fəaliyyətinin dayandırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsadət qaldırılacaq. Çünki, bunun digər alternativi yoxdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara, bildirişlərə və ünvanlanmış məktublara əhəmiyyət verməyənlərə qarşı artıq bu addımı atmaq məcburiyyətində qalacağıq. BAu sözləri jurnalistlərə açıqlamasında nazirliyin mütəxəssisi Mirsalam Qənbərov bildirib.

“Xəzər dənizinin şimaldan-cənubadək sahil zolağında, xüsusən də Abşeron yarımadasında aparılan monitorinq və təhlillərin nəticəsi göstərir ki, ətraf mühiti, su hövzələrini, o cümlədən Xəzər dənizini ən çox quruda neft hasilatını həyata keçirən əməliyyat şirkətləri, müəssisə və obyektlər çirkləndirir. Birmənalı olaraq bildiririk ki, Xəzər dənizinin şirkət, müəssisə, təşkilat və obyektlər tərəfindən çirkləndirilməsi davam edərsə, tərəfimizdən onların fəaliyyətinin dayandırılması ilə bağlı aidiyyəti üzrə vəsadət qaldırılacaq.

Keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, su hövzələrinə axıdılan axarlardan götürülən nümunələrdə neft məhsullarının qatılığı, bağırsaq çöpləri və şərti patogen xəstəlik törədən bakteriyaların miqdarı normadan dəfələrlə çoxdur, ekotoksikoloji baxımdan kəskin zəhərlidir. Xəzər dənizinin ekosisteminə mənfi təsirlər aradan qaldırılmazsa, bu gələcəkdə ağır nəticələrə gətirib çıxaracaq”, – deyə mütəxəssis bildirib.

Nazirlik rəsmisi, həmçinin qeyd edib: “Artıq çimərlik mövsümü yaxınlaşır. Lay sularının təmizlənmədən dənizə axıdılması və insanların belə mühitlə təmasda olması çox təhlükəlidir. Ötən illərdə olduğu kimi bu il də ekoloji gərgin vəziyyət yaranmasın deyə rayon icra hakimiyyəti orqanları və bələdiyyələr çirklənmə mənbələrinin qarşısının alınması üçün aidiyyəti qurumlarla birgə bütün qüvvələrini səfərbər etməli, zəruri tədbirlərin görülməsi üçün konkret hərəkətə keçməlidirlər.

Tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılmaması üçün müəssisə və təşkilatların rəhbərlərinə təmizləyici qurğuların quraşdırılması məqsədilə bir daha çağırış edir, qısa vaxt ərzində verilmiş tapşırıqların icrası istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirik. Tez bir zamanda lazımi işlərə başlanılmazsa, dənizi çirkləndirənlər barəsində ciddi tədbirlər görüləcək və toplanmış materiallar hüquq mühafizə orqanlarına göndəriləcək.

Bu gün nazirliyin əsas fəaliyyət hədəflərindən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Tərəfimizdən mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər dənizi ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin”.