Kənd təsərrüfatında iqtisadi təşəbbüskarlıq xeyli artıb

0
51

“Son illər ölkə iqtisadiyyatının bütün sahələrində həyata keçirilən dərin islahatlar öz müsbət təsirini aqrar sektorda da göstərməkdədir. İqtisadiyyatın əsas əməktutumlu sahəsi kimi kənd təsərrüfatının xüsusi çəkisi getdikcə artmaqdadır. Nəzərə alsaq ki, ölkəmizdə əməkqabiliyyətli əhalinin 37%-i aqrar sektorun payına düşür, onda dövlətin bu sahəyə xüsusi əhəmiyyət verməsini izah etməyə ehtiyac qalmır”. Bu fikirləri kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Bildirdi ki, həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatında iqtisadi təşəbbüskarlıq xeyli artıb, istehsalçılar arasında iqtisadi aktivlik yüksəlib, regionlarda yaşayan əhalidə torpağa münasibət əsaslı şəkildə dəyişib: “Sevindirici haldır ki, istehsalçılara iqtisadi və elmi informasiya təminatının göstərilməsi nəticəsində kənd adamlarında əkib-becərməyə  böyük maraq yaranıb. İndi əksər rayonlarımızda istifadədən kənarda qalmış boş torpaq sahəsi demək olar ki, tapmaq mümkün deyil. Xırda ailə təsərrüfatlarının gücləndirilməsi ilə yanaşı, son illər sənaye istehsalına əsaslanan aqroparkların yaradılması, ixtisaslaşmış iri təsərrüfatların formalaşması daxili istehsalın artmasına əsaslı şəkildə təsir göstərməklə yanaşı, ixrac bazarlarında şaxələnməyə də imkan verib”.

Ekspertin fikrincə, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün qarşıda mühüm vəzifələr kifayət qədər durur: “Bu istiqamətlər yeni qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramında, eyni zamanda, Strateji Yol Xəritəsində öz əksini tapıb. Hesab edirəm ki, bundan sonrakı dövrdə ölkənin iqtisadi təhlükəsizliyinin tərkib elementi olan ərzaq təhlükəsizliyinin təmin olunmasında növbəti mərhələyə keçidin başlaması üçün əlverişli zəmin yetişib. Yeni dövrün əsas istiqamətləri torpaqların konsalidasiyası, kooperativləşmə, aqrar sığortanın tətbiqi, məhsuldarlıq göstəricilərinin yüksəldilməsi texnologiyalarının tətbiqi, sektorun xüsusiyyətlərinə uyğun olaraq müasir elektron sistemlərin tətbiqi, elmi əsaslarla inkişafı kimi aktual məsələlərdir. Yeri gəlmişkən, bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyi AMAL adlı  bir layihə başlayıb. Bu, kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodların tətbiqinin stimullaşdırılmasına dəstək verən və gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüsdür. Güman edirəm ki, bu addım da öz töhfəsini verəcək”.

Nicat Nəsirli bu məsələlərin aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında gündəmə gətirildiyini də vurğuladı: “Həmin tədbirdə dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda kənd təsərrüfatı texnoloji sahəyə çevrilməlidir və burada yeni mexanizmlər, o cümlədən aqrar sığorta mexanizmi tətbiq edilməlidir: “Bununla paralel olaraq, biz kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı düşünməliyik”. Bir sözlə, həmin tədbirdə kənd təsərrüfatının inkişafına xüsusi təkan verəcək mərhələnin başlanılması elan edilib.

Şübhəsiz, kənd təsərrüfatının texnoloji sahəyə çevrilməsı üçün aqrar sığorta mexanizminin tətbiqi mühüm əhəmiyyət kəsb edəcək. Bu,  bütün istehsalçıların, ilk növbədə ucqar bölgələrdə yaşayan xırda ailə-kəndli təsərrüfatlarının tam iqtisadi müdafiəsini həyata keçirəcək. Qeyd edək ki, kənd təsərrüfatı istehsalı ilin bütün fəsillərində iqlim amillərinin təsirinə məruz qalan riskli sahə olduğu üçün istehsalçıların müdafiəsinə ciddi ehtiyac var. Müşahidələr göstərir ki, aqrar sığorta bazarının yaradılması istehsalçılarda iqtisadi müdafiəni həyata keçirməklə yanaşı, aqrar sahəyə investisiyaların təşviq olunmasına mühüm təsir göstərir”.

Ekspert bildirdi ki, bunun üçün hüquqi baza mövcuddur: “Belə ki, aqrar sığortanı  tənzimləyən qanun qəbul edilib. Yeri gəlmişkən qeyd edim ki, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə Strateji Yol Xəritəsində də deyilir ki, kənd təsərrüfatı sahəsində maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var.

Dünyanın hər yerində aqrar sahə ilə bağlı müəyyən dəstək tədbirləri həyata keçirilir, lakin heç bir ölkə təbii fəlakətlərdən sığortalana bilmir. Zənnimcə, bu sistem dövlətin iradəsindən kənarda, özəl münasibətlər zəminində  formalaşmalıdır. Sığorta sistemi pərakəndə xarakter daşıyan aqrar istehsalı stabilləşdirən iqtisadi alətdir. Sığorta modelinin işləməsi üçün xırda istehsalçıların kooperasiyalarda birləşməsi, hidrometeroloji, torpaqların meliorativ vəziyyəti haqqında data bazaların  hazırlanması, peşəkar kadr heyətinin formalaşdırılması da vacibdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”