“Mauthauzen”də İkinci Dünya müharibəsinin qurbanları anılıb

0
30

Mayın 5-də Avstriyanın Yuxarı Avstriya federal əyalətində yerləşən keçmiş “Mauthauzen” əsir düşərgəsində buranın alman nasizmindən azad edilməsi və İkinci Dünya müharibəsinin başa çatmasının 74-cü ildönümü münasibətilə mərasim keçirilib.Aİkinci Dünya müharibəsi zamanı Avstriyada ən böyük əsir düşərgəsi olmuş “Mauthauzen”in azad edilməsi münasibətilə keçirilən anım tədbirində Avstriyanın federal kansleri Sebastian Kurts, keçmiş federal prezident Haynts Fişer, parlamentin sədarəti, nazirlər, dövlət və hökumət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, yerli və xarici qonaqlar, əsir düşərgələrində alman faşistlərinin işgəncələrinə məruz qalmış keçmiş əsirlər iştirak ediblər.

Avstriya Mauthauzen Komitəsinin təşkil etdiyi mərasim bu il “Heç zaman nömrə ilə. Həmişə insan olaraq” devizi altında keçirilib. Mərasimdə çıxış edənlər bildiriblər ki, 1933-1945-ci illərdə Hitler Almaniyası və onun müttəfiqlərinin həyata keçirdiyi siyasi, dini, ideoloji və iqtisadi təqiblər nəticəsində milyonlarla insan öz vətənini tərk etmək məcburiyyətində qalıb. Bu zaman həmin dövrədək baş vermiş müharibə və deportasiyalara xas olmayan yeni bir motiv – irqçilik ciddi şəkildə ön plana çıxıb. Artıq 1938-ci ildə ilk məhbusların yerləşdirildiyi Mauthauzen düşərgəsində almanlardan azad edildiyi 5 may 1945-ci ilədək yüz mindən artıq əsir və məhbus həlak olub.

Mərasimdə çıxış edən natiqlər, həmçinin müasir dövrümüzdə irqçilik meyllərinin aradan qalxmadığını, sağçı-radikal və ekstremist qüvvələrin Avropada getdikcə gücləndiyini, onların cəmiyyəti narahat edən mövzuları öz radikal siyasi kursları üçün sui-istifadə etmələri qeyd edilib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovun rəhbərliyi ilə səfirliyin əməkdaşları, eləcə də bu ölkədə yaşayan soydaşlarımızdan ibarət nümayəndə heyəti mərasimlərdə iştirak edərək, ümumi anım monumenti və azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirən lövhə qarşısında əklil qoyub, həlak olanların xatirəsini yad ediblər.

Xatırladaq ki, 2001-ci ildə “Mauthauzen” əsir düşərgəsində, 2011-ci ildə isə “Ebenzee” əsir düşərgəsinin ərazisində Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirən abidələr qoyulub. Rəsmi məlumata görə, müharibə illərində “Mauthauzen”də 81 azərbaycanlı əsir qətlə yetirilib. Azərbaycan bu ölkədəki səfirliyinin araşdırmaları nəticəsində “Mauthauzen” və onun tabeliyindəki digər əsir düşərgələrində 300-dək soydaşımızın əsir olduğu müəyyən edilib.

Yaradıldığı 1938-ci ildən İkinci Dünya müharibəsinin sonunadək “Mauthauzen” əsir düşərgəsində müxtəlif Avropa ölkələrindən 200 mindən artıq hərbi əsir işgəncələrə məruz qalıb, onların təxminən yarısı (90 min nəfər) isə alman nasistləri tərəfindən məhv edilib. Avstriya ərazisində ən böyük əsir düşərgəsi olmuş “Mauthauzen”in ona yaxın ətraf ərazilərdə 49 “filialı” fəaliyyət göstərib, onlardan biri olan “Ebenzee”də 27 mindən artıq hərbi əsir yerləşdirilib.

1945-ci ildə ABŞ ordusu tərəfindən azad edilən “Mauthauzen” əsir düşərgəsi 1947-ci ildən tarixi xatirə kompleksi kimi fəaliyyət göstərir. Burada hərbi əsirlərin saxlandığı baraklar, “xəstəxana”, həbsxana, qaz kameraları və krematoriya olduğu kimi saxlanılır və tarixin acı gerçəkliklərinin nümunəsi kimi qorunur. azərtac