Qurban Haqqa yaxınlaşma məqamıdır

0
360
Yenə Qurban bayramı havasına girmişik. Qovuşdurana həmd olsun! Bu bayramı könül dünyasında yaşamaq, ruhu ilə o sevgini dadmaq nə xoş duyğu, nə böyük səadət!
Əlin qabarı, alının təri ilə qazandığındən Allah adına pay ayırmaq, təslimiyyətini, vəfasını, üz tutacaq başqa bir qapı tanımadığını isbat məqamı, bir verib, min qazanmaq fürsətidir Qurban bayramı. Hər şeyimizi O verib, Onun verdiyindən bir şeylər fəda edib, hər şeyimizi bərəkətləndirmək imkanıdır. Allahı düşünüb qurban kəsmək əslində qurban olmağı istəməkdir. Qurban olmaq yox olmaq deyil, yaxın olmaqdır. Qurani-Kərimdə Allah-Təalanın bizə boynumuzun şah damarından daha yaxın olduğu bildirilir, amma bu heç də o demək deyil ki, biz də Allaha o qədər yaxınıq. O yaxınlığa layiq olmaq lazımdır. Sən dünya yükündən, nəfsin istəklərindən sıyrıla bildiyin qədər arınır, təmizlənir, ucalır və Rəbbinə yaxınlaşırsan. Dünyasına dörd əllə sarılanların könlündə bu duyğu, bu həyəcan, bu niyyət yoxdursa, kəsdiklərindən özlərinə nə fayda?!

Qurban – sədaqətdir, könül verib bağlandığın dərgah qapısından ayrılmadan son nəfəsini də o qapıda verib, can əmanətini həqiqi Sahib olan Allaha təslim etməkdir.

Allah-Təala Qurani-Kərimdə buyurur ki, kəsilən heyvanların nə əti, nə qanı Allaha yetişər, Allaha yetişən qurban kəsən insanın təqvasıdır, yəni Allaha bağlılıq hissidir.

Qurban – ruhun təntənəsi, nəfsin tərbiyəsidir. İbadətin mahiyyətində nəfsin tərbiyəsi ən mühüm amillərdən sayılır. Əslində qulun Allaha yaxınlaşması da elə nəfsin tərbiyəsi ilə mümkündür. Kim nəfsini nə qədər tərbiyə edə bilibsə, Allaha yaxınlaşmağı da elə o nisbətdədir. Bu bayramda doğmaları ziyarət, açılmayan qapılara qurban payı ilə sevgi, könül xoşluğu aparmaq, əlimizin yetmədiyi sevdiklərimizə telefonla səmimi duyğularımızı çatdırmaq nə qədər də gözəldir. Qurban bayramınız mübarək olsun!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here