“Cəmiyyətin gələcəyi müəllimlərin əlindədir”

0
442

“Qətiyyətlə deyə bilərəm ki, ölkəmizin heç bir dövründə təhsil indiki qədər geniş ictimai maraq predmeti olmayıb. Bu marağı şərtləndirən əsas amil isə ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin təhsilə olan xüsusi diqqət və qayğısıdır. Məhz onun həyata keçirdiyi uğurlu islahatlar sayəsində məktəblərimiz müasir avadanlıqlarla təchiz edilib, informasiya-kommunikasiya texnologiyaları ilə zənginləşdirilib. Bir sözlə, təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində qurulması hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”. Bu fikirləri Mingəçevir şəhər Təhsil şöbəsinə yeni müdir müavini təyin edilmiş Zamik Cəbiyev söylədi.

Bildirdi ki, cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi dövrdə təhsil sahəsində 22-dən çox dövlət proqramı qəbul olunub: “2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə 1 milyondan artıq şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Son bir ildə isə ölkəmizdə 179 yeni məktəb binası tikilib, 118-i isə əsaslı təmir edilib. Bu prosesdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyevanın da danılmaz xidmətləri vardır.

Yeri gəlmişkən onu da qeyd edim ki, aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı vurğuladı ki, bu il keyfiyyət baxımından çox yüksək standartlara cavab verəcək 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək, o cümlədən modul tipli məktəblər. Prezident, həmçinin bildirdi ki, biz qəzalı məktəblər problemini bu il, uzaqbaşı gələn il həll edəcəyik. Yəni, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb olmayacaq. Bu isə bir daha o deməkdir ki, bu istiqamətdə böyük işlər görülüb və görülməkdə davam edəcək”.

Müsahibimiz bir məsələni də xüsusi vurğuladı: “Məhz təhsil sahəsində aparılan – müəllimlərin diaqnostik qiymətləndirilməsi və əməkhaqqının əhəmiyyətli artımı, obyektiv müsabiqə yolu ilə işə qəbulu, bu istiqamətdə həyata keçirilən digər tədbirlər nəticəsində müəllim peşəsinə maraq əhəmiyyətli şəkildə artıb. Faktlarla desək, 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir. Bu, həm də o deməkdir ki, cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır. Firkimcə, bu da çox önəmli bir məsələdir. Onu da bidlirim ki,  müasir dövrümüzdə təhsilin inkişafı əhalinin rifahının yaxşılaşdırılmasının, fərdin həyatının daha yüksək səviyyədə qurulmasının alternativsiz təminatıdır. Artıq bu bir faktdır ki, hazırda  insanlar məhz təhsilin vasitəsi ilə texnologiyaları çevik şəkildə mənimsəyir, əmək bazarında layiqli yer tuturlar”.

Həmsöhbətimiz bildirdi ki, insan kapitalının davamlı və dayanıqlı inkişafına nail olmaq üçün təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi istiqamətində də ciddi addımlar atılıb və atılmaqdadır. Məsələn, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib yerləşdirilməsi məqsədilə yeni mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq olunur. Yeri gəlmişkən, elə mən də həmin müsabiqənin nəticələrinə əsasən Mingəçevir Şəhər Təhsil Şöbəsinə müdir müavini təyin olunmuşam.

“Cəmiyyətin gələcəyi müəllimlərin əlindədir” sözləri ilə söhbətini davam etdirən Z. Cəbiyev daha sonra dedi: “Bu gün müəllimlərimiz öz peşələri yönündə çox əzmkarlıq, fədakarlıq nümayiş etdirirlər. Mən də Mingəçevir Şəhər Təhsil Şöbəsinə yeni təyin olunmuş müdir müavini kimi, çalışacağam ki, təhsilimizin inkişafı üzrə Dövlət strategiyasının və  təhsil sahəsinə aid digər normativ hüquqi aktların, qanunların qarşımıza qoyduğu vəzifələri vicdanla  icra edim və təhsilimizə öz töhfəmi verim”.

Məlumat üçün qeyd edək ki, Cəbiyev Zamik 1987-ci ildə Şəki rayonunun Kəhrizoba kəndində anadan olub.  2009-cu ildə Sumqayıt Dövlət Universitetini tarixçi, tarix müəllimi ixtisası üzrə bakalavr pilləsini, 2015-ci ildə isə həmin ali təhsil ocağının tarix fənninin tədrisi metodikasi və metodologiyası ixtisasi üzrə magistraturanı bitirib. 2011-ci ildə “Müəllimlərin işə qəbulu” müsabiqəsindən keçərək Qusar rayonunun Sudur kənd tam orta məktəbinə tarix müəllimi təyin edilib. 2014-cü ildə “Müəllimlərin yerdəyişməsi müsabiqəsi”ndə iştirak edərək İsmayıllı rayonunun Sahib Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirib.

 2016-cı ildə “Direktorların işə qəbulu” müsabiqəsinin nəticələrinə əsasən Şəki rayonunun Aydınbulaq kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin edilib. 2019-cu ildə “Dövlət qulluğuna qəbul” üzrə müsabiqədən keçərək Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun 05.04.2019- cu il tarixli K-383 nömrəli əmri ilə  Mingəcevir Şəhər Təhsil Şöbəsinə müdir müavini vəzifəsinə təyin olunub. 

Esmira Hidayətova, Mingəçevir