Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb

0
56

 “Sahibkarlığın inkişafı ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir. Buna görə də hazırda sahibkarlara, demək olar ki, maksimum dərəcədə sərbəstlik verilib. Prezident İlham Əliyev də sahibkarlarla görüşlərində, eləcə də keçirdiyi müşavirələrdə sahibkarlığın inkişafının ölkə üçün prioritet məsələlərdən biri olduğunu dəfələrlə vurğulayıb”. Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Fermerlər Şurasının üzvü, “Tərəqqi” medallı  İldırım Məmmədov “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Bildirdi ki, artıq sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilib: “Belə ki, son illər regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora daha çox üstünlük verilir. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi regionlardakı problemlərin aradan qaldırılmasına şərait yaradır. Məsələn, bu yaxınlarda Qubada yeni süd emalı sexinin və istehsal olunmuş məhsulların satışı bazasının tikintisinə başlanılıb. Artıq beton konstruksiya işləri başa çatmaq üzrədir. Məlumata görə, burada həm süd və süd məhsulları, həm də şiriniyyat-konditer məmulatları istehsal ediləcəkdir. Gündə 22-24 ton süd qəbul edə biləcək sexdə 135 nəfər işçinin çalışacağı nəzərdə tutulub. Göründüyü kimi, bir sexlə bu qədər insan işlə təmin olunacaq ki, bu da işsizliyin aradan qaldırılmasına bir sahibkar töhfəsi olacaq. Yeri gəlmişkən, hazırda Şabranda yun emalı sexi də inşa olunur”.

Müsahibimiz, həmçinin vurğuladı ki, bu gün hər bir imkanlı adam ölkəmizin müxtəlif bölgələrində bu sahənin inkişafında maraqlıdır: “Niyə də olmasın? Son illər ölkəmizdə özəl bölmənin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti iqtisadiyyatın müxtəlif sahələrində işgüzar fəaliyyət üçün normativ hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsini yüksəldib. Üstəlik, indi heç bir regionumuzda işıq, qaz, su, yol problemi yoxdur. Yəni, infrastruktur layihələri həyata keçirilib. Prezident İlham Əliyevin bildirdiyi k imi, əgər infrastruktur layihələri olmasaydı, sahibkar investisiya qoya bilməzdi. Bu mənada 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsinə təkan verib. Digər tərəfdən, dövlət sahibkarları həmişə dəstəkləyir, onlara güzəştli kreditlər verir. Təkcə bir faktı xatırladım ki, 2018-ci ildə İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 999 sahibkara 160 milyon manat məbləğində güzəştli şərtlərlə kreditlər ayrılıb. Bu kreditlərin 64,3 faizi regionların, 35,7 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşüb. Güzəştli kreditlərin 70,3 faizi aqrar sektorun, 29,7 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib.

Sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələr, bürokratik yoxlamalar aradan qaldırılıb. Bütün bunlara baxmayaraq, aprelin 30-da Nazirlər Kabinetinin 2019-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadi inkişafın təminatçısı sayılan sahibkarlar sinfinin fəaliyyətini yüksək dəyərləndirən Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlıqla bağlı oldu: “Ölkə Prezidenti iclasda bildirdi ki, sahibkarlar bundan sonra da fəal olmalıdırlar və yeni müəssisələr, iş yerləri yaradılmalıdır: “Əlbəttə ki, mən bütün bu işlərdə sahibkarların rolunu qeyd etmək istərdim. Son vaxtlar Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb. Mən sahibkarları daim dəstəkləyirəm, sahibkarlarla çoxsaylı görüşlərdə onlara öz dəstəyimi ifadə edirəm, dövlət onları dəstəkləyir, həm güzəştli kreditlərlə, həm tövsiyələrlə və yaradılmış şəraitlə… Əlbəttə, biz gözləyirik ki, yeni müəssisələr, yeni sənaye sahələri yaradılsın və burada iş yerləri kifayət qədər çox olsun”. Güman edirəm ki, dövlət başçımızın bu müraciəti də öz bəhrəsini verəcək”.

Qvami Məhəbbətoğlu, “İki sahil”