Mingəçevir “Yaşıl şəhər”lər sırasına daxil ediləcək

0
166

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri Mingəçevirdə olublar. Onları  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçı İlham İsmayılov qəbul edib. Görüşdə qonaqlara Mingəçevir, onun tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verilib. Söhbət zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının həyata keçirdiyi “Yaşıl şəhər” layihəsi ətrafında müzakirələr aparılıb.

 Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı ofisinin rəhbəri İvana Duarte bildirib ki, təmsil etdiyi qurum Avropanın 20-dən çox şəhəri ilə qeyd olunan layihə çərçivəsində əməkdaşlıq edir. Səfərlərinin məqsədi  Mingəçeviri  də bu şəhərlərin sırasına daxil etməkdir. “Yaşıl şəhər” layihəsindən söz açan İvana Duarte qeyd edib ki, əsas hədəf şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaqdır.

“Proqram çərçivəsində biz şəhər üçün xüsusi əhəmiyyət daşıyan bir neçə sahədə əməkdaşlıq etməyi düşünürük. Bura ictimai nəqliyyatın yenilənməsi, məişət tullantılarının utulizasiyası, gecə işıqlandırılması sisteminin yenilənməsi,  suyunun keyfiyyətinin yaxşılaşdırılması və digərləri daxildir. Bütün bu işlər əvvəlcədən hazırlanacaq olan hərəkət planına uyğun şəkildə həyata keçiriləcək”, – deyə İvana Duarte bildirib.

Potensial əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə başçı  qeyd edib ki, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən bir sıra addımlar atılır. Hazırda şəhərdə quruculuq-abadlıq işləri aparılır. İlham ismayılov “Yaşıl şəhər”in olduqca faydalı layihə olduğunu hesab etdiyini bildirib və bu sahədə əməkdaşlığın mümkün olacağını qeyd edib.

Esmira Hidayətova, Mingəçevir