BMU-da Ulu Öndərlə bağlı konfrans keçirilib

0
147

Bakı Mühəndislik Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı” öz işinə başlayıb. Konfrans iştirakçıları ilk öncə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, əklil və tər çiçək dəstələri düzüblər. Daha sonra gənc tədqiqatçılar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, hörmət və ehtiramlarını bildiriblər.


     BMU-nun akt zalında baş tutan konfransın açılış hissəsində ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ardından universitetin rektoru, professor Havar Məmmədov konfransı açıq elan edib. Rektor çıxışında Ulu Öndərin Azərbaycan dövlətinə və xalqına olan xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərin dünyagörüşlü, elmli yetişməsinə önəm verib. Hələ sovet dövründə Azərbaycan gənclərini ittifaqın öndə gələn universitetlərində təhsil almaları üçün göndərirdi. Bu gün də bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində beynəlxalq tədbirlərdə uğurla təmsil olunur.

    

Konfransda iştirak edən Kanadanın Reyson Universitetinin professoru Ziad Saghir, Bakı Dövlət Universitetinin prorektoru, professor Aydın Kazımzadə, Azərbaycan Texniki Universitetinin prorektoru, professor İsa Xəlilov və AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov çıxış edərək Ulu Öndər Heydər Əliyevin  və Prezident İlham Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıblar. Çıxış edənlər konfransın yüksək səviyyədə təşkil olunmasına görə BMU rəhbərliyinə təşəkkür ediblər və konfransın işinə uğurlar arzulayıblar.

    

Qeyd edək ki, konfransın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq və gənclərin elmə olan marağını artırmaqdır. Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransına yerli tədqiqatçılarla yanaşı Türkiyə, İtaliya, Rusiya, Kanada kimi onlarla xarici ölkədən 750 elmi məqalə qəbul olunmuş, onlardan 520-si konfransın tələblərinə uyğun olaraq seçilmiş, humanitar və dəqiq elmlər olmaqla iki cilddə çap olunmuşdur.

Konfrans daha sonra plenar iclaslarla öz işinə davam edib.