25 aprel – Sahibkarlar Günü

0
139

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” deyən Ulu Öndər digər sahələrdə olduğu kimi, sahibkarlığın da formalaşması və inkişafı ilə bağlı taleyüklü qərarlar qəbul edib, dahi şəxsiyyətin rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görülüb.

Ulu öndərin inkişaf strategiyasının Prezidenti İlham Əliyev tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Aparılan islahatlar çərçivəsində Prezidentin “ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq son illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində bu gün sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlarla keçirdiyi görüşlərində sahibkarlığın inkişafının ölkə üçün prioritet məsələlərdən biri olduğunu vurğulayır. Ölkə başçısı bəyan edir ki, sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir.

Cari ildə 215 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,7 milyon manat güzəştli kredit verilib

Bütün bunların reallaşmasında İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun təsis edilməsinin ciddi rolu olduğunu qeyd etmək gərəkdir. Mütəxəssislər əmindirlər ki, fondun yaradılması həm də sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsində mühüm əhəmiyyət daşıyır.

Belə ki, 2018-ci ildə fondun xətti ilə 999 sahibkara 160 milyon manat məbləğində güzəştli şərtlərlə kreditlər ayrılıb. İndiyədək Bakı və onun qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə isə 600 milyon manat güzəştli kredit verilib. Respublika üzrə bu ilin ötən dövründə investisiya dəyəri 145,7 milyon manat olan 215 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,7 milyon manat güzəştli kredit ayrılıb.

Bundan başqa, İpoteka və Kredit Zəmanəti Fondu ölkə bankları tərəfindən kreditləşdirilən 277 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib. Fond 17 milyon manat məbləğində kreditlərlə bağlı zəmanət dəstəyi göstərib.

Hazırda Azərbaycanda 990 mindən çox sahibkar qeydiyyatdan keçib

Son bir ildə sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahəsində mühüm addımlar atılıb.

Əlamətdardır ki, Prezident Azərbaycan sahibkarlarına xarici ölkələrə ixrac missiyalarını genişləndirmək sahəsində də ciddi dəstək verib. Bunun üçün artıq Belarus, Çin, Ukrayna, Latviya, Polşa və Birləşmiş Ərəb Əmirliklərində (Dubay) Azərbaycan Ticarət evləri fəaliyyətə başlayıb. Qazaxıstanın iki şəhərində və Rusiyada da Azərbaycan Ticarət evlərinin açılması nəzərdə tutulur.

Ötən bir ildə sənaye potensialının inkişafı ilə bağlı əhəmiyyətli addımlar atılıb. Nəticədə, həmin sahədə göstəricilərin yüksək dinamikasına nail olunub. Bütövlükdə keçən müddətdə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz artıb. Bu bağlılıqda investisiya təşviqi proqramının həyata keçirilməsi maraq kəsb edir. Həmin çərçivədə həyata keçirilən layihələrin dəyəri artıq 2,8 milyard manatdır. Etiraf etmək lazımdır ki, bu, kifayət qədər yüksək rəqəm olmaqla hətta bir sıra ölkələrin dövlət büdcəsindən belə çoxdur.

Azərbaycan məhsullarının ixrac coğrafiyası genişləndirilir

İxracı təşviq etmək məqsədilə xarici ölkələrə bir neçə ixrac missiyası təşkil olunur, “Azexport” portalı yaradılıb, bir neçə ölkədə Azərbaycanın ticarət evləri yaradılır, “Made in Azerbaijan” brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir. Dövlətin həmişə olduğu kimi sahibkarların yanında olacağını bəyan edən ölkə başçısı Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması üçün müvafiq qurumlara sahibkarlara əlavə dəstək verməsini tapşırıb. Prezident sahibkarlara müraciət edərək onları xammaldan səmərəli şəkildə istifadə etməyə, yeni fabriklər, zavodlar qurmağa, hazır məhsulu Azərbaycanda istehsal edərək, idxaldan asılılığı azaltmağa və hazır məhsul ixrac etməyə çağırıb.

Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçib. XIX əsrin sonu, XX əsrin əvvəllərində bu qədim fəaliyyət növü sürətli və böyük inkişaf dövrü yaşayıb. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaradıb.

Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar (milyonçular) yetişib. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyyətli rolu olub. Dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirmiş, əhalinin böyük hissəsini işlə təmin ediblər. Bu baxımdan Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Səlimovun, Mirzəyevin və onlarla başqalarının adları sahibkarlıqla məşğul olanlara əsl nümunə və həyat məktəbi olmalıdır. azərtac