Direktor: “Cavid Əlizadə bizə öz əməyindən qürur duyan müəllim sevincini yaşatdı”

0
132

Ulu  Öndər milli sərvətimiz olan istedadların qayğısına qalmaq, onların istedadını inkişaf etdirmək sahəsində bizim üçün böyük miras qoymuşdur. İstedadlı uşaqları sevən, onların hər uğuruna sevinən, doğma övladları kimi bağrına basan dahi şəxsiyyət demişdir: «Bugünkü kiçik istedadlar, amma çox zərif, insanı heyrətə gətirən, insanı sevindirən o istedad nümunələri gələcəyin qönçələridir. Bu qönçələr açılacaqdır. Bu qönçələr gözəl görünəcəkdir və Azərbaycanı gülzarlığa döndərəcəkdir».

Bəli, bu gün Ulu Öndərin dediyi o qönçələr açıb. Belə qönçələrdən bir də bu günlərdə ölkə mətbuatında biliyi, savadı ilə adı çəkilən mingəçevirli gənc Cavid Əlizadədir. O, bütün uğurlarına görə valideyinlərinə və müəllimlərinə minnətdar olduğunu bildirir.

Cavid Əlizadə bu günlərdə doğma şəhəri Mingəçevirə gələrək ona həmişə əziz olan müəllimləri ilə görüşüb. O, öncə ona ilk dəfə əlində qələm tutmağı öyrədən ilk müəlliməsi Aytən Əliyevanı ziyarət edib. Aytən Əliyeva bizimlə söhbətində hər bir şagirdinə bir ana kimi qayğı göstərdiyini bildirib: ”Bu gün Cavidin bu mərhələyə yetişməsi məni də onun ilk müəllimi kimi çox sevindirir”.

13 ildir ki pedaqoji sahədə çalışdığını vurğulayan Aytən Əliyev daha sonra qeyd edib ki, bu müddətdə onun qeyri-adi şagirdləri olub: “Hərdən belə deyirlər ki, pis şagird yoxdur, pis müəllim var. Mən bu fikirlə razılaşıram. Çünki təcrübəmə əsasən deyə bilərəm ki, hər bir şagirdi yönləndirmək mümkündür. Fikrimcə, biz müəllimlər şagirdlərə öz övladlarımız kimi baxsaq, onları daha da yüksək nəticələr əldə etməyə vadar edə bilərik. Cavid mənim ilk buraxılış sinfimin şagirdi olub. Obrazlı şəkildə desəm, Cavid mənim ilk göyərçinlərimdəndir. Yadımdadır, onun ilk şeiri də “İşıqfor”  olub. Elə o vaxtdan bu uşağın, əgər belə demək mümkünsə, istedadlı olduğunu kəşf etmişdim. Amma bir şeyi də söyləmək istərdim. Cavidə valideyinləri də məktəbin insan həyatında necə böyük rolu olduğunu ona çox yaxşı aşılaya bilirblər. Bəli, Cavid də məni yaddan çıxarmır. Nə gizlədim, bu gün Cavidin uğurlarına onun valideynlərindən daha çox sevinirəm”.

Texniki Humanitar Liseyinin direktoru Nailə Məmmədova da bu sevincini bizimlə bölüşüb:”Öz savadı, zəkası, ağlı ilə bütün Azərbaycanın fəxrinə çevrilən Cavid Əlizadə öz doğma məktəbində oldu, oturduğu parta arxasına keçdi, müəllim və şagirdlərlə görüşdü. Bu görüş şagirdlər üçün böyük motivasiya oldu. Bizə də öz  əməyindən qürur duyan müəllim sevincini yaşatdı. Cavid kimi şagirdlərimizlə fəxr edirik”.

Esmira Hidayətova, Mingəçevir