Azərbaycan Ordusu bütün tapşırıqları yerinə yetirmək iqtidarındadır

0
96

Tarixə düşmüş 2016-cı ilin aprel döyüşləri bizim zəfər salnaməmizdir. Bu döyüşlər Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdi. Həmin döyüşlərdə öz sözünü demiş oğullarımızdan biri də hazırda ehtiyatda olan zabit Loğman Məmmədovdur.

– Cənab baş leytenant, “İki sahil” qəzetinin oxucularına özünüzü təqdim etməyinizi xahiş edirik.

– Mən Məmmədov Loğman Hidayət oğlu 1988-ci il  oktyabrın 6-da   Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Goydərə kəndində dünyaya göz açmışam. 2003-cu ildə Göydərə orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşam. 2006-cı ildə bu liseyi fərqlənmə ilə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı olmuşam.

– Özünüz seçdiniz bu yolu, yoxsa kiminsə istəyi ilə hərbçi oldunuz?

– Dayım zabit olub. Qarabağ döyüşlərində iştirak edib. Əmim isə əsgər kimi ərazi bütövlüyümüz uğrunda vuruşub. O illərdə əmimin mənə bağışladığı hərbi papaqlar, dayımın verdiyi  botinka məndə hərbi sahəyə marağı artırıb. Bu istəyimi hiss edən dayım hərbçi olmaq arzumun gerçəkləşməsində mənə dəstək olub.

– Siz müxtəlif tədbirlərdə iştirak edirsiniz. Həmin tədbirlərdə cəmiyyətə daha çox hansı hansı mesajları verirsiniz?

– Elədir, müxtəlif səviyyəli görüşlərdə, tədbirlərdə iştirak edirəm. Həmin görüşlərdə yaşından asılı olmayaraq hər bir kəsi vətənpərvər olmağa çağırıram. Bildirirəm ki, bizim yalnız və yalnız bir Vətənimiz var ki, o da Azərbaycandır. Biz bu Vətənimizi, onun ərazi bütövlüyünü bir vətənpərvər kimi qorumalıyıq.  Müşahidələrimə əsasən, bir məsələni də vurğulamaq istərdim. Müasir hərb tariximizin zəfər səhifəsi sayılan Aprel döyüşlərində qazanılan qələbələrdən hamı bir nəfər kimi qürur hissi keçirir, bu döyüşlərdə həlak olmuş əsgərlərimizin, eləcə də həmin döyüşlərin hər bir iştirakçısının qəhrəmanlığı ilə fəxr edir. Bu mənada Aprel döyüşlərindəki əzmkarlığımızın daha geniş şəkildə təbliği olduqca əhəmiyyətlidir.

– Özünüzü qəhrəman hesab edirsinizmi?

– Xeyr… Mən Vətənə borcumu yerinə yetirərkən yaralanmışam. Burada fikrimcə, qeyri-adilik yoxdur. Hər bir hərbçi də özünü qəhrəman hesab etməli deyil. Bayaq dediyim kimi, Vətən bizimdirsə, onu  qorumalıyıq. Bu mənada mən və mənim döyüş yoldaşlarım həmin döyüşlərdə qalib gəlmiş ordumuzun bir parçasıyıq. Təki torpaqlarımız ermənilərin işğalından azad edilsin, biz qəhrəman olmasaq da olar. Xalqımız onsuz da bizi layiqincə dəyərləndirir.

– Bəs qazi zabitin bu gün nəyə ehtiyacı var? Bu gün sizə olan diqqət və qayğıdan razısınızmı?

– Mən dövlətimizdən, xalqımızdan kifayət qədər razıyam. Maddi təminatımıza da söz ola bilməz. Sağ olsun ölkə başçımız, eləcə də Birinci vitse-prezident Mehriban Əliyeva… Onlar ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların ailələrinə, eləcə də bu döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərə yüksək səviyyədə diqqət və qayğı göstərirlər.

– Övladlarınızı gələcəyin zabitləri kimi görürsünüzmü?

– Bir qız övladım var. Mən onun gələcəkdə hansı sənətin, peşənin ardınca gedəcəyi barədə indidən heç nə deyə bilmərəm. Çünki gələcək qızıma aiddir. Seçimini də o özü edəcək. Mən sadəcə bir valideyn kimi qızımın seçiminə hörmətlə yanaşacağam və əlimdən gələn köməyi ondan əsirgəməyəcəyəm. Amma onun əsl vətənpərvər kimi yetişməsi üçün bütün imkanlarımdan istifadə etməyə çalışıram. Yeri gəlmişkən, kiçik olmasına baxmayaraq, qızımda vətənpərvərlik qığılcımları özünü göstərir. Belə ki, mən artıq onun bayrağımıza, öz hərbçi atasına, eləcə də hərbi formaya olan sevgisini görürəm. Özü də bu sevgini kimsə onu aşılamayıb. Sadəcə, bu onun özündə var.

– Bir hərbçi kimi  Azərbaycan Ordusu haqqında da fikirlərinizi bildirməyinizi xahiş edirik.

– Aprel döyüşləri zamanı ən müasir silah və texnologiyalarla təchiz olunmuş ordumuz Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını nəinki uğurla aldı, yüksək hərbi məharətlə əks-hücum əməliyyatı həyata keçirərək ölkəmizin minlərlə hektar torpağını işğaldan azad etdi.  Bununla, eyni zamanda, qüdrətli ordular sırasında olduğunu bir daha dünyaya nümayiş etdirdi. Amma bizim hərbi sahədə gündən-günə qüvvətlənməyimiz, peşəkarlığımızı artırmağımız lazımdır. Çünki torpaqlarımızın bir qismi hələ də işğal altındadır. Onu da deyim ki, bu gün Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirmək iqtidarındadır.

– Sizcə, orduda müasir silah və texnologiyadan başqa daha nə önəmlidir?

– Düşünmədən deyərdim ki, vətənpərvərlik. Hətta mən deyərdim ki, hər bir əsgər və zabitimizin ürəyində olan Vətən sevgisi Aprel zəfərini bizə qazandırdı. Elə bu vətənpərvərlik sayəsində bu gün Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı bizdədir.

–  Hərdən Aprel döyüşlərini xatırlayanda hansı hissləri keçirirsiniz?

– Bəri başdan deyim ki, mən Aprel döyüşlərini hərdən deyil, hər gün xatırlayıram. Həmin döyüşlərdə şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyirəm. Onlar bizə necə məğrurluq və qürur qazandırdıqlarını özləri görməsələr də yüz il bundan sonra da danışılacaq hekayələr qoyub getdilər. Yaralananlara sağlamlıq arzulayıram. Bir də qalib gəlməyin, işğal altında olan torpaqlarımızın düşməndən azad olunmağın necə xoş bir hiss olduğunu xatırlayıram. Bu, sözün düzü, izah edə bilməyəcəyim bir hissdir. İnanıram ki, Ali Baş Komandanın əmri ilə işğal altındakı bütün ərazilərimiz də düşmən tapdağından azad olunacaq.

– Ali Baş Komandanın verəcəyi növbəti döyüş əmrinə hazırsınızmi?

– Mən ehtiyatda olan bir zabit kimi Ali Baş Komandanın əmrinə hər zaman hazıram. Üstəlik,  Vətən torpaqlarının işğaldan azad olunması naminə keçiriləcək növbəti döyüşləri səbrsizliklə gözləyirəm.

Qvami Məhəbbətoğlu, “İki sahil”