Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar

0
137

Aprelin 23-də Çernobıl qəzasının ildönümü ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətində qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirilib.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, mərasimdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. Hadisə nəticəsində 7 min insan həlak olub, 25 min insan ömürlük əlil qalıb. Ukrayna və Belarusda 300 min insan öz yaşayış yerlərini tərk ediblər. Hadisədən artıq 32 il keçməsinə baxmayaraq, qəzanın bir çox iştirakçıları bu gün də əziyyət çəkirlər.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi Sərəncam imzalanıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artıb. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri bu gün Prezident İlham Əliyev tərəfindən artırılır, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir. Bu insanlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da diqqət və qayğısını hər zaman hiss edirlər.

Tədbirdə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən insanların adından çıxış edən Xələf Həsrətov bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin sosial vəziyyəti yaxşılaşdırılıb, onların statusu müəyyənləşdirilib, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülüb. Bu qayğı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılıb, onların sosial müdafiəsi gücləndirilib.

Tədbirin sonunda Çernobıl əlillərinə və ailələrinə yardım edilib.azərtac