Elxan Məmmədovun nə günahı var axı?

0
166

Bəli, son günlər idman yazarları AFFA-nın baş katibi Elxan Məmmədovun üstünə möhkəm düşüblər. Hətta əllərinə düşən imkandan maksimum yararlanaraq o kişinin cərimə meydanında top oynadırlar. Elə bu təbliğatın nəticəsidir ki, indi hətta futboldan o qədər başı çıxmayan da bu kişini quru yuyub yaş sərir. Bəs nədir o boyda kişinin günahı? Bəli, bir neçə gün öncə o deyib ki, bəs hazırda “Qarabağ”da oynayan Reynaldoya Azərbaycan pasportu verib millidə oynatsaq, FİFA bizi cəzalandıra bilər: “O, Braziliyada doğulub, ata-anası və ya baba-nənəsinin Azərbaycanla heç bir bağlılığı yoxdur”. Üstəlik, ərz edib ki, bəs Reynaldo dos Santos Silva adında azərbaycanlı olar? Mənə belə gəlir ki, həmkarlarım çox hörmətli Elxan müəllimin dediklərinin altında nələr gizləndiyinin fərqinə əsla varmayıblar. Yəni bizim Elxan müəllim millimizlə bağlı öz fikrini o qədər mədəni ifadə edib ki, onu başa düşməkdə həmkarlarım bir qədər çətinlik çəkiblər. O nə demək istəyib? Bir hövsələniz olsun… Onun demək istədiklərini mən başa düşdüyüm formada ərz edim, siz də qulaq asın. Amma bir şərtlə, nəbadə məni Elxan Məmmədovun müdafiəçisi kimi qələmə verəsəniz. Vallah, mən heç o kişini əməlli-başlı tanımıram. Nə qədər qəribə olsa da, onun nə üzünü görmüşəm, nə də səsini eşitmişəm.

A kişilər, tutalım ki, onu da milliləşdirib saldıq milliyə… Bu, bizə nə verəcək? Yəni bir güllə yaz olmaz axı? Necə, millimizdə Üfük Budak, Dmitri Nazarov kimi milliləşmiş oyunçular var? Hə, elə burada millimizin qərbli Kərəmini, Berti Foqtsu deyirəm, gülmək tutur da… Ay çox hörmətli həmkarlarım, siz onların oyunundan razı deyilsiniz axı… Bu isə o deməkdir ki, Reynaldo milliləşdirilsə belə, bizim millinin indiki tərkibi ilə heç bir uğura imza ata bilməyəcək. Qoy  millimiz heç olmasa, futbolun adi elementlərinə yiyələnsın. Olmaya düzəlmişdi hər yarağı, qalmışdı saqqal darağı, xəbərimiz yoxdur? (Mən bu sözlərlə Reynaldonu təhqir etmək fikrində deyiləm. Sadəcə bizim tərəflərdə belə söhbətlər zamanı bu ifadəni işlədirlər ki, mən də ondan bəhrələndim). Bilirəm, bu fikrə görə məni qınayacaqsınız. Ürəyimə damıb ki, lap top kimi çiləyəcəksiniz də… Amma tələsməyin. Çünki bu yerdə futbol üzrə yığmamızın sabiq məşqçisi Vəli Qasımovun bir müsahibəsindəki bu sözlər yadıma düşdü: “Təbii ki, bir futbolçu heç nəyi həll etmir. Həm də bizdə problem yalnız hücumda deyil. Biz hələ rəqib qapısına yaxınlaşmağı bacaraq, sonra rəqib qapısına yol tapmaq haqda düşünək”. Hecə, hələ mənim barəmdə hökmünüz qüvvədədir. Elə isə Vəlini də qoşun böyrümə… O Vəlini ki, onun futbol sahəsində bildikləri hər birimizdən çoxdur…

A kişilər, yenə deyirəm, tutalım onu milliləşdirib saldıq milliyə. Bu bizə nə verəcək? Yəni bir güllə yaz olmaz axı? Bu yerdə isə “Bəyin oğurlanması” filmindəki bir epizod yadıma düşdü. Həmin filmin personajlarından biri Amanoğlu, yeri gəlmişkən, həmin rolu Mirzə Babayev oynayır, kəndə toy səhnəsi çəkməyə gəlmiş və çəkilişlər zamanı qeyb olmuş bəydən hirslənmiş rejissora deyir:

– A kişi, kefini pozma, lap tutalım, bəy tapıldı, kinonu çəkdin, mən gəlib zalda oturdum, Əhməd gəldi oturdu, Brodyaqa gəldi oturdu, baxdıq. Bu toy olmadı axı, bu, kinodur… Bax əsl toyu çəksən, bu başqa məsələ. Əsl toy da bilirsən ki, daşa dirənib. Ya gərək elə indi gedək oturaq İsrafilin elçi daşının üstündə, ya da bir kişi oğlu tapıla ki, götürüb o daşı vura İsrafilin başına.

İndi o kişinin sözü olmasın, tutalım, Reynaldonu da milliləşdirdik. Bu milli olmayacaq axı… Bir də qorxuram ki, o da az sonra hazırda millimizdə təmsil olunanların birinə çevrilə. Axı onu həmin ansamblda başa düşən olmayacaq. Odur ki, o mərhələyə qədər millimiz öz ölkələrində belə tanınmayanlardan təmizlənməlidir. Yəni sizə elə gəlmirmi, gücü yerli futbolçulara vermək lazımdır? Bəli, bizim də futbolumuz dirənib daşa. Bəlkə, o daşı götürüb vuraq… Deyəsən, cızığımdan çıxdım axı, üzr istəyirəm, topu demək istəyirdim.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here