“Yuventus” çempionluğunu, Ronaldo isə yeni rekordunu rəsmiləşdirib

0
219

“Yuventus” İtaliya A seriyasında növbəti oyununu keçirib.

Turin klubu 33-cü turda “Fiorentina”nı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə xalını 87-yə yüksəldən Massimiliano Alleqrinin komandası ən yaxın izləyicisi “Napoli”ni 20 xal qabaqlayıb və turnirin bitməyinə 5 tur qalmış çempionluğu rəsmiləşdirib. Bununla da, Turin təmsilçisi ardıcıl 8-ci, ümumilikdə isə 35-ci dəfə ölkə çempionu olub. Bu isə hər iki göstəricidə İtaliya rekordudur.

Bu çempionluq klubun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo üçün xüsusilə əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, o, İngiltərə, İspaniya və İtaliya çempionatlarının qızıl medallarını qazanan ilk futbolçu olub.

Ronaldo daha əvvəl “Mançester Yunayted”in heyətində üç dəfə İngiltərə çempionu, “Real”la isə iki dəfə İspaniya çempionatının qalibi olub.

Otuz dörd yaşlı futbolçu “Yuventus”a ötən ilin yayında 117 milyon avro qarşılığında “Real”dan keçib. Onun klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.

“Yuventus” – “Fiorentina” – 2:1
Qollar
: Milenkoviç, 6 (0:1), Aleks Sandro, 37 (1:1),Pezzella, 53-avtoqol (2:1)