Bu üsul həm suya qənaətə imkan verir, həm də su itkisini minimuma endirir

0
545

Aqrar sektorun planlaşdırılmış istiqamətlərdə inkişafı su təminatının davamlılığından asılıdır. Məhz buna görə də Prezident İlham Əliyev  meliorasiya və su təsərrüfatı sistemlərinin modernləşdirilməsinə həmişə xüsusi diqqət göstərir. Bu diqqətin sayəsində ölkə iqtisadiyyatının bütün sahələri kimi, meliorasiya və su təsərrüfatı da son 16 ildə böyük inkişaf yolu keçib. Belə ki, bu sahəyə ayrılmış əsaslı kapital qoyuluşu dəfələrlə artırılıb, onun maddi-texniki bazası xeyli yaxşılaşdırılıb.

Bu istiqamətdə Quba rayonunda da məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Quba Rayon Suvarma Sistemləri İdarəsinin rəisi, Əməkdar mühəndis Nazir Dadaşov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi təşkilat hazırda rayonda mövcud olan 26033 hektar suvarılan torpaq sahələrinə xidmət göstərir: “Rayonumuzda özəl torpaq sahibləri tərəfindən bağ və əkin sahələrinin genişləndirilməsi böyük vüsət alıb. Hazırda bağbanların öhdəsində 14139 hektar bağ, 4698 hektar əkin, 360 hektar tərəvəz-bostan, 3356 hektar həyətyanı, 3480 hektar yem bitkiləri sahəsi vardır. Suvarılan torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, həmçinin sudan səmərəli istifadə olunması məqsədilə ilboyu müntəzəm işlər aparılır ki, vegetasiya dövründə çətinliklər olmasın”.

Müsahibimiz qeyd etdi ki, idarə tərəfindən bu il kənd təsərrüfatı bitkilərinin suvarılması üçün təsərrüfatlara 60,5 milyon kubmetr həcmində su verilməsi nəzərdə tutulub: “Rayonda kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin olunmasında əsasən Qudyalçayın, həmçinin digər çayların (Quru çay, Qusar çay, Ağ  çay, Qara çay, Cağacuğ çay və Vəlvələ çay) üzərindəki hidrotexniki qurğulardan istifadə edilir. Bundan əlavə, Samur-Abşeron kanalından rayonumuz üzrə təsdiq edilmiş su limiti çərçivəsində 4145 hektar sahə suvarma suyu ilə təmin olunur”.

İdarə rəisinin sözlərinə görə, kənd təsərrüfatı istehsalçılarına suvarma suyunun çatdırılması mexanizminin təkmilləşdirilməsi, eləcə də sualtı torpaq sahələrinin su təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bir sıra layihələr həyata keçirilir: “Belə ki, Qara çayın suyu ilə 5000 hektardan artıq torpaq sahəsini suvarmağa imkan verən yeni baş qurğu və 17 kilometr uzunluğunda  nəqledici kanal tikilib istifadəyə verilib. Bu, Birinci Nügədi, İkinci Nügədi, Pirvahid, Mirzəqışlaq kəndləri ərazilərindəki bağ, əkin sahələrini  suvarmağa imkan verəcək. Yeni subartezian quyularının istifadəyə verilməsi istiqamətində də işlər davam etdirilir. Artıq Alpan, Əlibəyqışlaq, Birinci Nügədi, Vəlvələ və Zizik kəndlərində bu işə başlanılıb”.

Müsahibimiz vurğuladı ki, bu il rayonun kənd təsərrüfatına yararlı torpaq sahələrinin su təminatının daha da yaxşılaşdırılması məqsədilə 27,8 kilometr uzunluğundakı təsərrüfat kanallarında təmir-təmizləmə işləri üzrə kompleks tədbirlər həyata keçirilib və hazırda  bu işlər davam etdirilir: “Yeri gəlmişkən, sudan daha səmərəli istifadə etmək məqsədilə yeni suvarma metodlarının da tətbiqi diqqət mərkəzindədir. Belə ki, hazırda rayonumuzda 1000 hektardan çox sahədə damcı üsulu ilə suvarma aparılır. Bu suvarma üsulunun üstünlükləri çoxdur. Bu üsul həm suya qənaətə imkan verir, həm də su itkisini minimuma endirir. Odur ki, gələcəkdə rayonumuzda damcı üsulundan daha geniş miqyasda yararlanmaq niyyətindəyik”.

Qvami Məhəbbətoğlu, “İki sahil”